“Görüşün tarixi və yeri müəyyən edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcək”
Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Ermənistan 2024-cü il oktyabrın 18-də İstanbulda keçirilən “3+3” məşvərət platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”, - XİN-dən bildirilib.
XİN-dən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcək.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti görüşlərin Bakıda və İrəvanda keçirilməsini təklif edib.