Hərbi ekspert: "Məğlub Ermənistanın öz ərazisində sərhəd postu qurması, qalib Azərbaycanın isə nəyisə gözləməsi sağlam məntiqə sığmır"
Bu gün Ermənistan mediasında, xüsusilə də erməni “Telegram” kanallarında Azərbaycanın artıq Laçın yolunun girəcəyində sərhəd-keçid məntəqəsinin quraşdırdığı barədə məlumatlar yayılıb. Müzakirələr zamanı şahidlər Azərbaycanın postu demək olaraq qurduğu barədə fikirlərini qeyd ediblər. Hələlik isə nə rəsmi Bakıdan, nə də İrəvandan xəbərə reaksiya var.
Azərbaycanlı ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev isə bunun mümkün olduğuna inanır. Ekspert AYNA-nın suallarını cavablandırarkən deyib ki, gec-tez sərhəd-keçid məntəqəsi qurulmalıdır:
- Son iki ay ərzində Ermənistan ərazisindən Qarabağa intensiv daşımalar oldu. Rusiya hərbi kontingenti erməni silahlılarını ərazidən çıxarmaq əvəzinə həmin daşımalara göz yumdu, onlara dəstək verdi. Demək olar ki, sülhməramlılar funksiyalarından kənar əməllərlə məşğul oldular. Azərbaycan tərəfi isə rəsmi şəkildə bunun yolverilməz olduğunu dəfələrlə bəyan etdi, xəbərdarlıq etdi. Lakin Rusiya kontingenti, ermənilər bunu qulaqardına vurdular. Novruz bayramından sonra isə Azərbaycan Ordusu əməli addımlara keçdi. Bu daşınmaların, erməni separatçı-terrorçularına silah daşınmasının qarşısı alınmalı idi. Biz öz ərazimizdə sərhəd postunu qururuqsa, buna kimsənin mane olması düzgün deyil. Bu, daxili işimizdir.
- Belə demək mümkündürmü ki, Azərbaycan Ermənistanla sərhədini bərpa etməkdədir?
- Təbii ki, bu, elə həmin prosesdir. Azərbaycan Ermənistanla sərhədini bərpa edir. Laçın Azərbaycana təhvil verilsə də, orada müəyyən ərazilər bizim nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi Rusiya hərbi kontingentinin oraya yerləşdirilməsidir. Onlar erməni silahlılarını çıxaracaqları vədini versələr də, bunu iki il yarımda həyata keçirmədilər. Azərbaycan Ordusu Zabux kəndi ilə Cağauz kəndi arasındakı əraziləri nəzarətə götürməklə oradakı strateji yüksəkliklərə yerləşdi. Bu, Azərbaycan Ordusunun nəzarət imkanlarını genişləndirdi. Artıq Ermənistanın Gorus rayonunun böyük hissəsinə Azərbaycan Ordusu vizual nəzarət edə bilir.
- Yəni ki, bir növ delimitasiya prosesi gedir...
- Demək olar ki, bəli, delimitasiya aparılır. Ümumiyyətlə, bu gün delimitasiya Azərbaycandan çox Ermənistana lazımdır. Dünyaya haray salan, kömək istəyən biz yox, Ermənistandır. İqtisadi, sosial cəhətdən məhvə məhkum olan Ermənistandır. Onlar nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır, həm də özləri üçün.
Onu da qeyd edim ki, sərhəd-keçid məntəqəsini öz tərəfində birinci Ermənistan quraşdırıb. ABŞ-ın Ermənistandakı səfiri Laçın yolu ilə bağlı İrəvan hay-küy qoparan zaman əraziyə getmişdi. Onun ərazidə olarkən çəkilən video və fotolarından görünürdü ki, Laçın yolunun başlanğıcında şlaqbaum qoyublar, sərhəd-keçid məntəqəsi yaradıblar. Məğlub Ermənistanın öz ərazisində sərhəd postu qurması, qalib Azərbaycanın isə nəyisə gözləməsi sağlam məntiqə sığmır.
- Erməni tərəfinin sərhəd-keçid məntəqəsi ilə bağlı yaydığı informasiyaya nə qədər etibar etmək olar?
- Düzdür, onlar çox uydurma informasiyalar yayıblar. Amma indi erməni "Telegram" kanallarında bu məsələ informasiya kimi yox, təhlil kimi müzakirəyə çıxarılır. Bir neçə müxtəlif mənbələr bunu müzakirəyə çıxardığı, fərqli şəxslər tərəfindən təsdiqləndiyi üçün belə bir addımın atılması mümkündür. Azərbaycan Ordusunun sonuncu əməliyyatlarla nəzarətinə götürdüyü ərazilər də sərhəd-keçid məntəqəsinin quraşdırılması üçün münbit şərait yaradır. Əvvəl o ərazi bizim nəzarətimizdə deyildi və sərhəd məntəqəsinin yaradılmalı olan əraziyə çıxışımız məhdud idi. İndi bu məhdudiyyət aradan qalxıb.
- Sərhəd-keçid postunun qoyulması Ermənistandan Qarabağa qeyri-qanuni daşımaların, terrorçuların gəlişinin qarşısını alacaqmı?
- Şübhəsiz ki, bu əməllərə son qoyulacaq. Məqsəd odur ki, Qarabağa qanunsuz daşımaların qarşısı birdəfəlik almaqdır. Düzdür, Rusiya sülhməramlılarının avtomobillərində yenə də separatçılara hərbi vasitələr daşına bilər. Yəni ki, buna sülhməramlılar şərait yaratmaq niyyətinə düşə bilərlər. Çünki onlara artıq etibar yoxdur. Biz ermənilərin daşınmalarını məhdudlaşdıras, rusları isə nəzarətsiz qoya bilmərik. Çünki rusların da son illərdə bitərəf və neytrallıqdan uzaq olaraq erməni silahlılarının təminat və təchizatında mühüm rol oynadıqlarının şahidiyik.
Amma bunun qarşısının alınması yolu da var. Lazer skayner vasitəsilə nələr aparıldığını çox rahat şəkildə müəyyənləşdirə bilərik. Rusiya da buna narazılıq etməməlidir. Əgər humanitar yük aparılırsa, bunu gizləməyə gərək yoxdur.