Ermənilər üçün 105 il əvvəlki “sevinc”

Siyasət

19.01.2025 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Bayden Vilsonu təkrarlamaq qərarına gəldi, lakin...

Son illərdə ABŞ tarixində ən ermənipərəst lider kimi məşhurlaşan və səlahiyyət müddəti başa çatan sabiq Prezident Co Baydenin administrasiyası sevimli Ermənistanına son hədiyyə vermək qərarına gəldi. Belə ki, yanvarın 14-də Vaşinqtonda ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandı.

Bu sənəd amerikalıların Ermənistana dəstək vermək niyyətində olduqları bir sıra əsas sahələri əhatə edir. Eyni zamanda, Donald Trampın prezidentliyi dövründə sazişin həyata keçirilməsi perspektivləri, xüsusən də ABŞ erməni lobbisinin seçkilərdə başqa bir prezidentliyə namizədi dəstəklədiyini nəzərə alsaq, suallar doğurur.

Bu səbəbdən İrəvan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamazdan əvvəl çox düşünməli idi. Şübhəsiz ki, Ermənistan hakimiyyətinin bu addımı Ermənistan rəhbərliyinin İrəvanın Qərbə meyl etməsi ilə bağlı çoxsaylı bəyanatlarına görə artıq gərginliyin artdığı Kremlin reaksiyasına səbəb olacaq.

Və təbii ki, İrəvanın bu “uzaqgörən” addımından açıq şəkildə məmnun olmayan Tehrandan reaksiya gələcək. Zəngəzurun İran üçün qırmızı xətt olması tezisi artıq İran rəsmilərinin ritorikasından itib, Ermənistan rəhbərliyi bu barədə düşünməlidir. Bayden administrasiyası erməni lobbisinin əvəzini Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi ilə ödəyərək gedir, lakin bu “troya atı”nın dəyərini İrəvan  Moskva və Tehrana ödəməli olacaq.

Yeri gəlmişkən, Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını şərh edərək, sənədi Ermənistana real fayda gətirməyən formal “boş kağız” adlandırıb: “Co Baydenin prezidentliyinin 99 faizi Ermənistanla səlahiyyətlərinin qalan altı günündə həyata keçirilə bilməyəcək bu sözdə strateji sazişi imzalamaq vaxtının gəldiyini qərara almağa sərf edib. Bu, onların ayrılıq hədiyyəsidir - erməni əsilli amerikalılar qarşısında günahlarını yumaq üçün boş cəhddir”.

Bu vəziyyət 105 il əvvəl baş vermiş hadisəni xatırladır. 1920-ci il noyabrın 22-də ABŞ Prezidenti Vudro Vilson “Türkiyə ilə Ermənistan arasında sərhəd, Ermənistanın dənizə çıxışı və Ermənistan sərhədinə bitişik Türkiyə ərazilərinin demilitarizasiyası haqqında Amerika Birləşmiş Ştatları Prezidentinin qərarı”nı imzaladı. Beləliklə, ABŞ Prezidenti Birinci Dünya müharibəsində məğlubiyyətə uğramış Türkiyə ərazisinin əhəmiyyətli hissəsinin öz arbitrajına daxil edilməsi ilə Qara dənizə çıxışı olan nəhəng erməni dövlətinin yaradılmasının təşəbbüskarı oldu. Lakin ABŞ Senatı uzun müzakirələrdən sonra Vilsonun Ermənistana mandat qəbul etmək təklifini rədd etdi.

Lakin buna baxmayaraq, erməni psevdoekspertləri hələ də Vudro Vilsonun arbitraj qərarının qüvvədə olduğuna inanırlar. Eyni zamanda ABŞ prezidentinin bu qərarının Ermənistan üçün hansı acınacaqlı nəticələrə gətirib çıxardığını unudurlar.

Bu gün də ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması İrəvan üçün böyük risklər daşıyır. İştirakçı ölkələrin parlamentlərində ratifikasiya tələb etməyən və bununla da artıq sənədin statusunu aşağı salan bu saziş Ermənistan rəhbərliyini məst edə bilər: onlar bu sənədin mövcudluğunu geosiyasi flörtlərində ölkənin təhlükəsizliyinin ciddi təminatı kimi qiymətləndirəcəklər. 107 il əvvəl olduğu kimi...

Müəllif: Asif Aydınlı