DYP-dən katalizator barədə yeni açıqlama: “Fırıldaqçılar peyda olub”

Aktual

19.05.2021 - 13:36

Vaqif əsədov:  “Onlar “Rent a car” firmalarından avtomobilləri icarəyə götürürlər və...”

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada katalizatoru olmayan avtomobillərin saxlanılaraq cərimə edilməsi ilə bağlı müzakirələr gedir. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun açıqlamasından sonra isə müzakirələr daha da şiddətləndi və tənqid edildi.  İdarə rəisi bildirmişdi ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır ki, bu da inzibati xəta tərkibi yaradır.

 

İctimaiyyət nümayəndələri hesab edirlər ki, bu, sürücüləri cərimələmək üçün yeni “kəşf” sayılır. Məsələ barədə saytımızda da bir neçə tənqidi yazı dərc edilib.

 

V.Əsədov isə AYNA ilə əlaqə saxlayaraq yenidən məsələyə aydınlıq gətirməyə çalışıb. İdarə rəisi deyib ki, hazırda ölkədə katalizator fırıldaqçıları peydə olub: “Belə ki, onlar “Rent a car” firmalarından avtomobilləri icarəyə götürürlər, sonra avtomobili aparıb xüsusi təmir yerlərində katalizatorlarını sökürlər. İcarəyə götürdüyü avtomobili sonradan katalizatorsuz geri qaytarırlar ki, firmaların da bundan xəbəri olmur. Əsas məqsəd həm ekologiyanın qorunması, ətraf mühitin çirklənməsinin qarşısını almaqdır, həm də sözügedən fırıldaqçı qrupların əməllərinə qarşı mübarizədir”.

 

“Bəzi hallarda bizim fikirlər kontekstdən çıxarılaraq paylaşılır ki, bu, cəmiyyətdə anlaşılmazlığa səbəb olur. Vətəndaşlar əmin olsun ki, DYP-nin məqsədi heç də qeyd edildiyi kimi sürücülərə daha çox cərimə tətbiq etmək deyil”, - deyə V.Əsədov xüsusi vurğulayıb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar