“Düşmən azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək istəyir”

Siyasət

12.10.2020 - 15:24

Hikmət Hacıyev: “Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədir”

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Moskvada imzalanan humanitar atəşkəslə bağlı məsələyə aydınlıq gətirib. AYNA-nın xəbərinə görə, H.Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında bildirib ki,  humanitar atəşkəslə bağlı bəzi parametrlərin araşdırılması lazımdır.

 

“Göründüyü kimi, düşmən bir tərəfdən humanitar atəşkəs istəyir, digər tərəfdən, Azərbaycanın mülki insanlarına qarşı hücumlar həyata keçirir. Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın hərbçiləri tərəfindən Azəbaycanın mövqelərinə qarşı hücumlar həyata keçirilir. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

H.Hacıyev qeyd edib ki, Azərbaycanda akkredetasiya olunmuş bütün səfirlərin, diplomatik korpusların Gəncəyə səfəri təşkil olunub: “Onlar öz gözləri ilə görsünlər ki, Azərbaycanın Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. Onlar Ermənistanın bu vəhşiliyini, vandalizmini öz gözləri ilə görmüş olsunlar. Hətta dünən Ermənistanın Müdafiə Nazirliyi çox riyakarcasına, utanmazcasına açıqlama verdi ki, bunu biz törətməmişik. Törətdikləri bu vandalizmi inkar etmək istəyirlər. Amma faktı heç kim gizlədə bilməz”.

 

“SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, çox unikal hallardan biridir ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik olan raket atılsın. Bu, onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Bir daha da biz bunu vandalizm və barbarizm kimi qiymətləndiririk”, - deyə H.Hacıyev bildirib.

Müəllif: Ayna.az