“Özünü o dərəcədə əmin və təhlükəsiz hiss edir ki...”

Siyasət

15.03.2020 - 10:50

Tofiq Abbasov: “Rusiyada ciddi siyasi dəyişikliklərin olacağına inanmıram”

 

Martın 11-də Rusiya Dövlət Duması Vladimir Putinin prezidentlik müddətinin uzadılmasını təklif edib. Dumanın təklifinə münasibət bildirən Putinin çıxışından isə təklifin əleyhinə olmadığı məlum olub.

 

Nəticədə təklif səsverməyə çıxarılıb və 380 nəfər təklifin lehinə səs verib. Beləliklə, Dövlət Duması Putinin lehinə irəli sürülən təklifi qəbul edib. Son nəticə isə aprelin 22-də keçiriləcək Ümumrusiya səsverməsi və Konstitusiya Məhkəməsinin qərarından sonra məlum olacaq.

 

AYNA-nın mövzuya dair suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

 

- Tofiq bəy, Rusiya Dövlət Duması Putinin növbəti seçkilərdə iştirak etməsini təklif edib və bu təklif Dumada qəbul edilib. Putinin Dumadakı çıxışından da anlaşılır ki, buna razıdır. Təklif seçkilərdən sonra rəsmi olaraq qəbul edilsə, Rusiyanı nə gözləyir?

 

- Bildiyiniz kimi, bu məsələ ilə bağlı Dövlət Dumasında çıxışlar oldu. Çıxış edənlərin də yanaşması bundan ibarət idi ki, ölkənin həm daxildə, həm də xaricdə həyata keçirdiyi kurs dəyişilməz olaraq qalsın. Çünki Putin Rusiyanın beynəlxalq aləmdə nüfuzunu gücləndirir və buna görə də daxildə yüksəliş hiss olunur. Düzdür, bir neçə il əvvəl Rusiya iqtisadiyyatında neftin qiymətləri ilə bağlı dirçəlmə tendensiyaları özünü biruzə verirdi, lakin son 2-3 ildə xüsusilə qiymət məsələsində olan enişlər neft ölkəsi olaraq Rusiyanı da çətin duruma saldı. Məsələn, Medvedyevin komandasının istefaya göndərildi. Onun Vladimir Putinlə münasibətlərinin son dərəcə müsbət olduğunu nəzərə alsaq, görərik ki, keçmiş Baş Nazir bir o qədər də tənqid dalğası ilə üzləşmədi. Mişutsinin vəzifəyə gəlməsi isə həm gözlənilməz olduğundan, həm də şəxsi keyfiyyətlərindən bir növ bəzi qruplara, siyasi təbəqəyə qismən də olsa nikbinlik bəxş edə bildi. Yəni konstitusiyada baş vermiş dəyişikliklər, verilən vədlər, perspektivlərin konturları ondan xəbər verdi ki, hakimiyyət dəyişməyəcək və Vladimir Putin birinci şəxs mövqeyini yenidən qoruyub saxlayacaq. Hakimiyyətdə olan qüvvə, siyasi elitanın aparıcı hissəsi də birmənalı olaraq Putinə dəstək göstərir.

Mərahim Nəsib