Hökumətə təklif: Müəllimləri seçki prosesindən uzaq tutun

Siyasət

02.01.2020 - 13:00

Bu, yaxşı bir örnək olmaq, insanları yola gətirmək üçün tək çarədir

 

İl sonunda mövzu-mövzuya qarışdı deyə bələdiyyə seçkilərinin gedişi ilə bağlı yazmaq istədiyim vacib bir məsələ qalmışdı. Söhbət yenə də müəllimlərin seçki saxtakarlığına cəlb edilməsindən gedir. Sosial şəbəkələrdə, “WhatsApp” quplarında dolaşan videolardan, yazışmalardan göründü ki, müəllimlər yenə də "karusel" əməliyytında aktiv rol alıblar.

 

Əslində, bunu onların könüllü etmədiyi bəllidir. Çox güman ki, 9 fevral seçkisi də belə olacaq. Mühafizəkar və qocaman adlandırılan nazirin də, islahatçı və gənc imici olan nazirin də dövründə eyni vəziyyət olub.

 

Hökumətə təklifim: Gəlin, bu sonuncu seçki olsun ki, müəllimlər nənki "karusel"ə məcbur edilsin, hətta onların seçki komissiyasına cəlb edilməsi qadağan olunsun. Müəllimləri seçki prosesindən kilometrlərlə uzaqda tutmaq lazımdır.

 

Belə imicə malik müəllimlərə ayda 2000 manat maaş da versəniz, onlarla təhsilin keyfiyyətini yaxşılaşdırmaq mümkün deyil. Uzun illər aparılan araşdırmalar sübut edib ki, təhsilin keyfiyyətinə müəllimin şagirdlər arasında reputasiyası, etibar və sevgisi, təhsil infrastrukturunun keyfiyyətindən daha böyük təsir gücünə malikdir. Nüfuzsuz, şagird sevgisi qazanmayan müəllim heyəti ilə saray kimi məktəblərdə belə, uğurlu təhsil sistemi qurmaq olmaz.

 

Müəllimlərla bağlı populyar bir fikir var: uşaqlar öyüdlərə qulaqlarını qapadar, lakin örnəklərə gözlərini açarlar. Yaxşı bir örnək olmaq, insanları yola gətirmək üçün bu, ən yaxşı bir üsul deyil, tək çarədir. Həmçinin, uşaqlar yalnız sevdiyindən öyrənə bilirlər.

 

Etməyin, milllətin və dövlətin gələcəyinə məsuliyyət daşıyan peşə sahiblərini öz seçki saxtakarlıqlarınıza alət etməyin...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert