Mədəniyyət Nazirliyi Dünya İrs Siyahısına daxil edilməsi gözlənilən mədəni irsin siyahısını açıqlayıb
Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaq. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumatında bildirilib.
Qeyd olunub ki, Azərbaycanda beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri - Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s. var.
"UNESKO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Ümumdünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir. Bu əlamətdar hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir" - deyə qeyd olunub.
Xatırladaq ki, iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olunub. Bununla da Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınıb.
2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESKO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.