Doktor hanım

Xəbərlər

25.12.2023 - 22:24

Bu yazını oxuyan klinika rəhbərləri Ruqiyyə Əhmədli ilə çox maraqlanacaqlar

Tibb Universitetinin “AMİ” olduğu vaxtlarda “Övladım AMİ-də oxuyur” demək başqa bir sosial statusum var demək idi. Ancaq ixtisas seçimindən sonra “Övladım ginekoloq, cərrah və ya göz həkimi olacaq” isə daha da yuxarı “level”, başqa bir əlçatmaz Dünya anlamına gəlirdi.

O dövrdə ginekologiya, cərrahiyyə, oftalmologiya, kardiologiya, QBB-yə düşmək ancaq sayseçmə tələbələrə nəsib olur, bu ixtisaslar uğrunda "Vaterloo" savaşına bənzər mübarizələr gedirdi. İxtisaslar içində ən son sıralarda rentgenoloq-radioloqlarlar gəlirdi. O peşəyə düşənlərə “Yazığın adamı olmayıb” deyirdilər…

Aradan onilliklər keçdi. 

Həyat standartları da dəyişdi, trendlər də.

Absurdistanın (oxu: Sovetin) hər şeyi kimi Səhiyyəsi də çökdü.

Tam da o dövrdə mütərəqqi Dünya şahlanışa keçmişdi.

İnternet dövrü mövcud olan bütün əzbərləri pozdu, tibb dijitallaşma epoxasına girdi, Səhiyyənin içinə əlahəzrət süni intellekt, robot texnologiyaları girdi. Bir ölkə xalqını qırğına verərək başqa ərazilər işğala başladığında başqa bir ölkədə bir cərrah Şanxaydakı klinikasından 1100 kilometr aralıdakı Pekindəki xəstəni əməliyyat edirdi.

Tam da o vaxt bir türk qəzetində oxudum ki, Türkiyədə həkimlər ən çox radioloq olmağa meyl edir, ginekoloq, kardioloq peşələri isə artıq əvvəlki kimi tərcih edilmir. Dedim ki, yəqin Azərbaycanda prioritetlər yenə əvvəlki kimi – “qazancı çox olan” ixtisaslardır. Həyat yoldaşıma sordum, dediklərinə inanmaq istəmədim. Özü kimi həkim olan iki bacısına da zəng etdim Bakıya. Ginekoloq olan böyük bacısı yeni reallığı təsdiq elədi. Ürək həkimi olan ortancıl bacısı isə “Niyə uzağa gedirsən, kiçik qızım İstanbula gəlir, Cerrahpaşada radiologiya üzrə uzmanlıq oxuyacaq” dedi. Qulaqlarıma inanmadım - Ruqiyyə radiologiyanı seçib!

Oxudu, paralel olaraq Cerrahpaşada həkimlik etdi, gecə-gündüz çalışdı, öyrəndi, çalışdı, öyrəndi. Onu “Doktor Hanım” deyə çağırırdım. Bitirdi, Bakıya atası ilə anasının yanına döndü. Bir müddət Bakıda çalışdı.

Bir gün də eşitdik ki, “Doktor Hanım” doktoranturada oxumaq üçün İstanbula gəlir. Yenə də sabahın ilk işıqları ilə qalxıb Cerrahpaşaya gedir, bir tərəfdən çalışır, bir tərəfdən də dissertasiyası üçün material toplayırdı. Artıq ona tək mən yox, xəstəxananın bütün həkim və tibb personalı da “Doktor Hanım” deyirdilər.

Ona çox inanırdıq, bilirdik ki, müvəffəq olacaq. 

Elmi rəhbərlərindən biri İstanbul universiteti Cerrahpaşa Tibb fakültəsinin Radiologiya və Neyroradiologiya kafedrasının müdürü professor Osman Kızılkılıçın başçılığı altında dissertasiyanı da bitirdi “Doktor Hanım”. İstanbulda keçirtdiyi son gün soruşdum ki, məndən soruşanda elmi işinin adını necə deyim. Təbəssüm edib, uzun bir şey dedi. Yadımda qalmadı, sən ən yaxşısı mənə "WhatsApp"dan yaz. 

Bakıya qayıdan kimi də elmi işinin mövzusunu yazdı mənə:

“Beyində intraventrikulyar törəmələrin diaqnostikasında diffüziya ağırlıqlı maqnit rezonans görüntüləmənin rolu və alınan nəticələrin Süni İntellekt və "Machine Learning"lə araşdırılması”…

Demək ki, artıq o da xalası qızı kimi süni intellektlə yürüyəcək bu yollarda.

İndi yəqin bu yazını oxuyan klinika rəhbərləri Ruqiyyə Əhmədli və onun kariyerası ilə çox maraqlanacaqlar. Çünki ölkəmizə Cerrahpaşa kimi bir tibb fakültəsində mükəmməl təhsil və təcrübə qazanmış, modern texnolojilərə yiyələnmiş, ən əsası da Türkiyənin və dünyanın ən tanınmış neyroradioloqlarından Osman Kızılkılıçın yetirməsi olan bir həkim gəlib…

Yolun açıq olsun, “Doktor Hanım”…

P.S. Şəkildə “Doktor Hanım”ın hocası prof. Osman Kızılkılıça hədiyyə etdiyi “Diamond painting” - Almaz mozaik tablosunu görürsüz. Gözəl balamız rəngli xırda almaz daşları ilə tablonu zövqlə, səbrlə yığaraq ərsəyə gətirib. Bu mükəmməl əl işinə də “Aklımda dört mevsim” adını verib.

Doktor hanım Doktor hanım
Müəllif: İbrahim Nəbioğlu