Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.
AYNA.AZ xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda Nazirlər Kabineti nəzərdə tutulan layihələr hazırlanarkən aşağıdakıları təmin etməlidir:
- 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunmasını;
- qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;
- aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını.
Həmçinin Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.