Nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
Aprelin 4-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, aprelin 3-də respublikanın 18 şəhər və rayonunda imtahanlar keçirib. Dünən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı təşkil edilib. Həmçinin mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları buraxılış imtahanı veriblər.