Deputatlardan təhsillə bağlı narazılıq: “Müəllimləri müəllimlikdən qovublar”

Cəmiyyət

27.12.2022 - 18:03

“Müəllimləri belə ucuzlaşdırmaq olmaz” və ya “əslində bu maaşla uşaqlarımıza dərs deyən müəllimlər qəhramandır”

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Müzakirə zamanı deputatlar təhsil sahəsi ilə bağlı tənqidlər səsləndiriblər.

Deputat Siyavuş Novruzov təhsil pillələri haqqında irad bildirib və deyib ki, lazımsız pillələr mövcuddur: “Bakalavr, magistr, aspirantura, disertantura, doktorantura və s. Təhsildə bu qədər pillə olar? Dünyanın hər yerində birpilləli müdafiə sistemi var. Hesab edirəm ki, qanunda bu, nəzərə alınmalıdır”.

“30 il iş ştajı olan müəllimləri işdən çıxarırlar, qovurlar”

“Şəxsən mənim bu strukturlarla problemim yoxdur. Amma bir adam bir kafedrada 4 dəfə müdafiə edir, 5-ci dəfə alimin işi Ali Attestasiya komissiyasına göndərilir. Bu qədər pillə nəyə lazımdır?”, - millət vəkili vurğulayıb.

“Təhsil haqqında” qanun qəbul edirik, amma təhsili düzəldə bilmirik. Orta məktəbdə ibtidai sinifdə oxuyan nəvələrim ağırlığından çantasını götürə bilmir. Bu məsələ dəfələrlə qaldırılıb. Orta məktəbdə azyaşlı şagirdlərin çantaları belə ağır olmamalıdır”. Bu sözləri isə deputat Aqil Abbas deyib.

Millət vəkili müəllimlərlə bağlı da danışıb: “İndi müəllimlərin üzərinə çox düşmüşük. Əslində bu maaşla uşaqlarımıza dərs deyən müəllimlər qəhramandır. Müəllimləri müəllimlikdən qovublar. Mən də zorakılığın əleyhinəyəm. Amma müəllimləri, xüsusilə, kişi müəllimləri məktəbdən bu şəkildə qovmaq, çıxarmaq olmaz. 30 il iş ştajı olan müəllimləri işdən çıxarırlar, qovurlar. Müəllimləri belə ucuzlaşdırmaq olmaz axı... Elə bilirlər ki, müəllimə hər şey demək olar…”.

“İndi şagirdlər müəllimin başına çıxır”

A.Abbas qeyd edib ki, keçmişdə pis oxuyan nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı: “Ağdamda 5 nömrəli məktəb belələrindən idi. Amma onlar elə tərbiyə alırdı ki, sonradan onların içindən alimlər də, polis rəisləri də çıxdı. İndi şagirdlər müəllimin başına çıxır. Qadın müəllim onu təhqir edən şagirdə şillə vurur və buna körə, hay-küy qopur. Yenə deyirəm, belə olmaz. Müəllimlərlə bu şəkildə davranmaq yolverilməzdir”.

“Repetitorluq sistemi orta məktəbləri dağıdır”

Deputat Fəzail Ağamalı isə qeyd edib ki, repetitorluq sistemi orta məktəbləri dağıdır: “8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir, hamısı repetitor yanında olurlar. Bununla bağlı tədbir görülməlidir. Təhsil sistemini məhv etmək olmaz. Hesab edirəm ki, gələn sessiyada “Təhsil haqqında” qanunu yenidən işləməliyik”.

Millət vəkillərinin narazılığını dinləyən spiker Sahibə Qafarova deyib ki, Milli Məclisdə təhsillə bağlı dinləmələrin keçirilməsinə ehtiyac var: “Bu yaxınlarda müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dinləmə keçirildi. Düşünürəm ki, bu dinləmənin cəmiyyət üçün böyük əhəmiyyəti var. Bu baxımdan, təhsillə bağlı da dinləmə keçirilməlidir. Ancaq müəyyən bir spektr əsas götürülməlidir”.

Müzakirələrdən sonra qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu