Deputatlar Fransanı “ağ yuyub, qara sərdilər”: “Həddinizi aşmayın!”

Siyasət

02.12.2022 - 14:20

Milli Məclisdə qətnamələr pisləndi, Fransanın ermənilərə canfəşanlığı ifşa olundu, Makrona xəbərdarlıq edildi

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamələr deputatlar tərəfindən sərt tənqid olunub. Qeyd edək ki, bu yaxınlarda Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, sözügedən qətnamələr aydın şəkildə Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrildiyini göstərir.

“Fransa Senatının noyabrın 15-də Azərbaycanla bağlı qəbul etdiyi bədxah qətnamənin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib. Bu çirkin niyyətli siyasi aksiya dövlətimizin ərazi bütövlüyünü, suverenliyini hədəf almaqla yanaşı, beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlikdir. Ona görə də, Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir, onun bu addımını siyasi riyakarlıq kimi qiymətləndiririk”, - spiker əlavə edib.

Spiker: “Fransanın təxribatçı addımları regionu yeni təhlükələrə sürükləyir”

S.Qafarova vurğulayıb ki, Fransa münaqişənin həllindəki vasitəçilik missiyasında da səmimi olmayıb: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla həlli üçün səylərin heç bir nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik missiyasını yerinə yetirən dövlətlər və xüsusən də Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulmasıdır. Bu gün isə Fransanın hakimiyyət orqanları, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin həyata keçirilməsinə böyük zərbə vurur. Bu, erməni şovinist qüvvələrinin məqsədlərinə xidmət edir, regionu yeni təhlükələrə sürükləyir”.

Komitə sədri: “Bu qədər ikiüzlülük, bu qədər yalan olar?”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə çıxışında bildirib ki, Fransa Milli Assambleyası Fransa Senatının məlum qətnaməsini köçürüb: “Fransanın xarici işlər naziri qeyd edib ki, qətnamə Fransa hakimiyyətinin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər yalan olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsi olub. Həmçinin qeyd edirlər ki, orada yaşayan ermənilərin təhlükəsizlik məsələsi vacibdir. Bəs Fransa 30 il ərzində bizim 1 milyondan çox qaçqınımız üçün niyə səsini çıxarmırdı. Görünür, Fransa yenə erməni lobbisinin qurbanı olub”.

“Tarixə nəzər salsaq, görərik ki, bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Afrikanın 14 ölkəsi Fransaya vergi verir, səbəb olaraq Fransa bildirir ki, onlara guya müstəqillik verib. Artıq dünya ölkələri Fransanın üzünü görməlidir. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın. Bu ölkənin niyyəti nədir? Bilin və agah olun ki, Fransa Prezidenti, parlamenti həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”, - Z.Əsgərov fikrini tamamlayıb.

“Bu addımlar Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini göstərir”

“Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir. Obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə Fransa tərəfindən vurulmuş növbəti zərbədir”. Bu sözləri çıxışında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat vurğulayıb ki, Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür: “Layihənin ümumi məzmunu Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını zəiflədir. Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd münasibət nümayiş etdirib. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də olsun narahatlıq ifadə etməyib".

“Bu addımlar Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini göstərir. Qətnamənin Fransa hökumətinin nümayəndəsi tərəfindən dəstəklənməsi bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında maraqlı olduğuna dair uzun müddətdir ki mövcud olan şübhələri daha da dərinləşdirdi. Fransa parlamentinin hər iki palatasının üzvləri Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar”, - S.Məmmədov əlavə edib.

Vitse-spiker: “Erməni lobbisinin əlində oyuncağa çevril, sonra da vasitəçi olmaq üçün Azərbaycan dövlətindən xahiş et”

Milli Məclisin vitse-spikeri Adil Əliyev xatırladıb ki, Fransa 30 il Azərbaycan torpaqlarının işğalına göz yumub: “İşğala seyrçi qaldı, Xocalı soyqırımını görməzdən gəldi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini istəmədi. Elə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başladı, o zaman ortaya düşdü”.

“Fransa Azərbaycanın öz suverenliyinin bərpa olunmasına qarşıdır. Bununla Fransa Azərbaycanı itirir. Azərbaycan siyasi, iqtisadi və hərbi çəkisinə görə, Cənubi Qafqazın əsas dövlətidir. Erməni lobbisinin təhriki ilə hərəkət edənlər ədaləti pozmaqla yanaşı, Fransa milli təhlükəsizlik məsələsinə də zidd hərəkətlər edir”, - deyə A.Əliyev qeyd edib.

Vitse-spiker vurğulayıb ki, Fransanın anti-Azərbaycan siyasəti Avropanın da maraqlarına ziddir: “Erməni lobbisinin əlində oyuncağa çevril, sonra da vasitəçi olmaq üçün Azərbaycan dövlətindən xahiş et. Bu mümkün deyil. Bir gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, amma Fransanın riyakarlıq və ədalətsizliyini heç bir zaman unutmayacağıq”.

“Azərbaycan Fransanın him-cim dilini qəbul edə bilməz”

“Fransa Senatı və Milli Asambleyanın Azərbaycana qarşı ard-arda qəbul etdiyi qeybət qətnaməsinin tərcüməsi fərqli mənalar verir. Bunun Azərbaycan dilinə tərcüməsi odur ki, bundan da pisi gələ bilər. Erməni dilinə tərcüməsi odur ki, sizinləyik. Azərbaycan Fransanın him-cim dilini qəbul edə bilməz”. Bu sözləri isə deputat Rafael Hüseynov səsləndirib.  

Millət vəkili qeyd edib ki, bu, ilk növbədə Fransanın dövlət və millət maraqları üçün acınacaqlıdır: “Bu təkcə erməni lobbisinə yarınmaq da deyil. Məsələ daha qəliz və daha genişdir. Fransa indiki qarşıq dünyaya qorxunc örnək verir. Bunu bu gün Azərbaycana qarşı edirlər, demək ki, sabah istənilən ölkəyə qarşı eə bilərlər. Fransa revanşist, aqressiv və separatçı qüvvələri körükləyən nümunə ortaya qoyur".

Tarixi xatırlatma - Alman generalar mərasimdə Fransa nümayəndələrini gördükdə təəccüblə deyirlər: “Biz fransızları da unutmuşuq...”

Deputat Nigar Arpadarai isə çıxışı zamanı tarixdən misal gətirib: “İkinci Dünya müharibəsindən sonra Almaniyanın kapitulyasiyası zamanı alman generalar mərasimdə Fransa nümayəndələrini gördükdə təəccüblə deyirlər: “Biz fransızları da unutmuşuq...”. 1945-ci ildə faktiki Fransa dövləti yox idi. Fransa uduzmuş, pis vəziyyətə düşmüş ölkə idi. Amma Ruzvelt və Stalin Almaniyanın iddialarının qarşısını almaq üçün Fransanı BMT-yə üzv etdi, daha sonra Təhlükəsizlik Şurasının aparıcı dövləti etdilər. Halbuki o dövrdə Fransanın hərbi, iqtisadi və siyasi gücü belə bir ranqa uyğun gəlmirdi".

“İndi də Fransanın imkanı və gücü ilə iddiaları üst-üstə düşmür. Fransa faktiki Azərbaycanı öz əleyhinə çevirir. Həm Senatın, həm də Milli Assambleyanın qətnaməsinə baxdıqda görürük ki, deputatlar yekdilliklə buna səs veriblər. Deməli, Fransa siyasi elitasında həmrəylik var. Bu, Azərbaycanla yanaşı Türkiyəyə də qarşı olmaqdır. Biz yekdilliklə bu qətnaməni rədd edirik. Bu, Azərbaycanın ərazi bütövılüyünə və suverenliyinə qarşıdır, beynəlxalq hüquq pozuntusudur”, - Arpadarai əlavə edib.

Deputat bildirib ki, bu, Ermənistana köməklik də deyil: “Ermənistan vəziyyətdən çıxmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Biz diqqətlə baxdıqda görürük ki, bu, son 2 il ərzində Fransa tərəfindən qəbul olunan üçüncü qətnamədir. Fransa vasitəçi olmaq şansını itirdi. Bundan sonra heç vaxt vasitəçi ola bilməz. Qətnamə də bizim üçün kağız parçasından başqa bir şey deyil”.

“Sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur”

Deputat Musa Quliyev Fransanın ermənilərlə bağlıcanfəşanlığının səbəbindən danışıb. Deyib ki, Fransa gorbagor olmuş Minsk Qrupunun fəaliyyətini yenidən bərpa edərək bölgədə qalmaq istəyir: “Makron hökumətinin siyasi əxlaqa sığmayan davranışının digər səbəbi gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır. Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasında maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı aldıqları erməni elektoratın səslərini ağartmağa çalışırlar. Fransaya adekvat, bir az da artıq cavab verməliyik. Bu cavablar Azərbaycan hökuməti, dövləti, parlamenti və ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır. Biz qalib xalq və güclü dövlətik. Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur”.

Müəllif: Anar Bayramoğlu