Demoqrafik həyacan siqnalı - QOCALIRIQ

Cəmiyyət

12.10.2021 - 22:49

Dəyişən demoqrafik vəziyyətə necə cavab vermək olar?

30 yaşınadək əhalinin çoxluğuna və gənclərin sayının artmasına görə uzun müddətdir Azərbaycan gənc ölkə adlanırdı. Ancaq vəziyyət tədricən dəyişir. Təkcə son on ildə Azərbaycanda yaşlı əhalinin payı 6,2%-dən 7,1%-ə yüksəlib.

2050-ci ildə Azərbaycanda yaşlı əhali və gənclər üstünlük təşkil edəcək. Artıq əhalinin qocalma prosesi müşahidə olunur. Bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib.

Ölkə iqtisadiyyatına təsir edəcək iqtisadi bəhrələrin əsas istehlakçıları gənclər və qocalar olacaq. İqtisadi cəhətdən aktiv əhalinin payının azalması fonunda bu, hökumətin qarşısında əhalinin ehtiyaclarını ödəmək üçün iş yerlərinin həcmini artırmaq, iqtisadi cəhətdən fəal vətəndaşlar arasında işsizlik səviyyəsini azaltmaq vəzifəsi qoyacaq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birlikdə, Çexiyanın Karlov Universitetinin professorlarının dəstəyi ilə 2050-ci ilə qədər Azərbaycan üçün demoqrafik proqnoz hazırlayır. Önümüzdəki illərdə əhalinin strukturunda dəyişikliklərin olacağı təxmin edilir. Bu ilin sonuna qədər hökumətə Azərbaycan üçün ilkin demoqrafik proqnoz təqdim olunacaq.

Demoqrafiya üzrə mütəxəssis, fəlsəfə doktoru Azər Allahverənov AYNA-ya şərhində bildirib ki, BMT-nin Əhali Fondu hazırda müasir reallıqları nəzərə alaraq, 2050-ci il üçün proqnoz verib və bu, olduqca mühüm məsələdir: “Bu, dəyişən vəziyyətə vaxtında cavab verməyə imkan verəcək. Zaman-zaman oxşar proqnozlar bu Fond tərəfindən, eləcə də qlobal miqyasda demoqrafik problemlərlə məşğul olan müxtəlif mərkəzlər tərəfindən edilir”.

“Fondun əvvəlki proqnozlarında 2030-cu ilə qədər Azərbaycanda əhalinin təbii artımının bu gün mövcud olan nisbətləri - 1%-də saxlanacağı deyilirdi. 2030-2050-ci illərdə artım sürəti dayanacaq və bundan sonra azalacaq. Bu, çox da yaxşı bir mənzərə deyil, çünki Fondun Azərbaycan üzrə nümayəndəsinin qeyd etdiyi problemlər özlərini büruzə edəcək. Bu faktor əmək bazarına və bir çox digər sahələrə təsir göstərəcək”, - deyə ekspert vurğulayıb.

Allahverənovun sözlərinə görə, pandemiya da miqrasiya proseslərinə mənfi təsir göstərir: “Amma nəzərə almaq lazımdır ki,  miqrasiya proseslərinin kifayət qədər intensiv olduğu və miqrasiya saldosunun mənfi olduğu ölkələrdə bu faktor ölkənin demoqrafiyasına da mənfi təsir edir. Demoqrafik proqnoz hazırlandıqdan və təqdim edildikdən sonra, həyata keçirilən siyasət üçün hansı istiqamətlərdə strategiya hazırlamaq lazım olduğu barədə danışmaq mümkün olacaq. Qanuni çərçivəmiz, demoqrafik problemlərə toxunan konseptual sənədlərimiz var, ancaq bundan sonra bəzi məqamlara yenidən baxılması lazım ola bilər. Daha çox aztəminatlı və çoxuşaqlı ailələrlə işləməli, gənc ailələrə dəstək olmalıyıq. Ən azından bu günkü demoqrafik artım tempini qorumaq üçün tətbiq olunmalı bir çox alətlər dəsti var. 2030 və 2050-ci illərdən sonra nə olacağını gözləməyə ehtiyac yoxdur. Təyin olunmuş müddət cəmi otuz ildir, ancaq işə başlamaq üçün kifayətdir”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında qeyd edib ki, daha çox yeni iş yerlərinin açılmasına, üstəlik intellektual işlərə, elm tutumlu sahələrə diqqət yetirmək lazımdır: “Qeyri-neft sektorunu və emal sənayesini daha fəal inkişaf etdirmək lazımdır. İnsanların daha uzun müddət aktiv və zəkalı olmaları üçün tədbirlər görmək lazımdır. Beyin nə qədər çox işləsə, insan bir o qədər gec qocalır. Bunun üçün kitab oxumağı təşviq etməlisiniz, çünki bu, beyin və yaddaşın inkişafı üçün ən təsirli və geniş yayılmış məşqlərdən biridir. Təbliğata və sağlam həyat tərzinə ehtiyacımız var. Bir çox olimpiya kompleksləri tikdik, amma onlar gənc əhali üçün nə qədər əlçatandır?”.

Müsahibimiz ölkə əhalisinin yaşlanmağa davam edəcəyi fikrinə şübhə ilə yanaşır, əksinə yaşlı əhalinin payının azalacağını düşünür: “Diabetli xəstələrin sayı artır, infeksion, ürək-damar və digər xəstəliklərə yoluxma halları artır. Və bu xəstəliklər gəncləşir. Tibb səviyyəmiz inkişaf etmiş ölkələrdəki kimi yüksək deyil. Bundan əlavə, vətəndaşların böyük bir hissəsinin iqtisadi vəziyyəti tibbi xidmətlərə vaxtında müraciət etməyə imkan vermir”.

Müəllif: Elya Belskaya