Yeni karantin dalğasında neft qiymətinin kəskin enəcəyi gözlənilir
Neft bazarı həftəni kotirovkaların kəskin düşməsi ilə açdı və bu da bir barelin qiymətini yazın əvvəlindəki səviyyəyə endirdi. Koronavirusun “Delta” növünün sürətlə yayılması fonunda, peyvənd edilmiş ölkələrdə belə, “müdafiə” sədləri qırılır və buna görə də “Brent” fyuçersləri avqustun əvvəlindən bəri 11% itirərək, bir barel üçün 68 dollardan aşağı düşdü. Şimali dəniz sortunun oktyabr müqavilələri Londonda 3,9% azalaraq, bir çəllək üçün 67,94 dollardan satılır.
Amerikanın WTI markalı xam nefti may ayının sonundan bəri rekord həddə enib - oktyabrda tədarük müqavilələrinə əsasən, bir barrel üçün 65,44 dollar. Bir gün ərzində kotirovkalar 4,1%, 30 iyul ilə müqayisədə isə 12% azalıb. Analitiklərə görə, əmtəə bazarları Çində COVID-19-un yayılması ilə qorxudulur, bu da dünya standartlarına görə əhəmiyyətsiz olsa da, səlahiyyətlilərin addımlarına görə təhlükəlidir. Çin hökuməti yenidən, bölgələrində ən az bir virus daşıyıcısı aşkar edilərsə, bütün məhəllələrin sakinlərinin çölə çıxmasını qadağan edərək, görünməmiş dərəcədə şiddətli karantin tədbirləri tətbiq edir.
Bazar, virusun dünyada dövriyyəsi ilə bağlı vəziyyətə diqqət yetirməyə davam edir. Treyderlər yeni “Delta” stammının sürətlə yayılmasının dünyanın müxtəlif bölgələrində yeni karantin məhdudiyyətlərinin tətbiq olunmasına səbəb ola biləcəyindən və buna görə də neftə olan tələbatın zəiflədilməsindən qorxurlar. Çinin zəif iqtisadi göstəriciləri və koronavirusun yeni variantının sürətlə yayılması qısamüddətli tələbat perspektivi ilə bağlı yeni narahatlıqlar doğurdu.
Bazar ertəsi, bir gün əvvəl 96-ya qarşı 125 yeni COVID-19 hadisəsi olduğunu bildirən Çin səlahiyyətliləri, 46 böyük şəhərdəki uçuşların ləğv edilməsi və 144 təhlükəli ərazidən ictimai nəqliyyatda məhdudiyyətlər daxil olmaqla, karantin tədbirlərini gücləndirməyə davam etmək barədə qərar qəbul ediblər. “Delta”nın ABŞ-ın Florida ştatına çatması ilə gündəlik yoluxmanın 100 mini keçməsi ilə virusun “qış dalğası” rekordu təzələndi.
Rusiyanın “Alpari” İnformasiya Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayevin AYNA-ya şərhinə görə, bununla yanaşı, avqust ayı üçün “Brent” qiymətlərinin proqnozu 72-80 dollarlıq kifayət qədər geniş bir dəhlizdədir və bu, yalnız təchizatçılara deyil, həm də istehlakçılara uyğundur: “Hazırkı neft qiymətlərinin qlobal tənəzzülə səbəb ola biləcəyi barədə söhbətləri boşboğazlıq hesab etdirəm. Deyilənlər yalnız sözlü bazar müdaxilələridir. Turizm mövsümü sürətlə gedir. Ən böyük iqtisadiyyatlar koronavirus böhranından sağalır”.
Yerli analitiklər yeni karantin dalğasında neftin qiymətinin kəskin enməsini istisna etmirlər. Azərbaycanın sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov AYNA-ya deyib ki, "Delta" ştammının xəyalı artıq üfüqdə görünür və bu ssenaridə neftin qiyməti proqnozlaşdırılmaz olur: “Neft istehsal edən ölkəmiz qeyri-neft sənayesinin inkişaf dinamikasını gücləndirməlidir”.
“İqtisad elmləri doktoru, professor Müslüm İbrahimovun fikrincə isə, neft hasilatı 2030-cu ildə zirvəyə çatacaq və bundan sonra neft istehsal edən ölkələrini gəlir mənbələrini uyğunlaşdırmağa məcbur edəcək aşağı karbonlu iqtisadiyyata keçid gözlənilir: “Əlaqədar risklərin qarşısını almaq üçün Azərbaycan da daxil olmaqla, neft istehsal edən ölkələr iqtisadi və hüquqi institutları gücləndirməli və insan kapitalının səviyyəsini yüksəltməlidir. Minimum itkilərlə yeni bir enerji dövrünə girmək üçün ciddi sınaqlara hazırlaşmaq lazımdır. Azərbaycan bunun üçün bütün imkanlara malikdir, çünki nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması milli valyutanın kəskin devalvasiyası olmadan ixrac-idxal əməliyyatlarını yenidən balanslaşdırmağa imkan verəcək”.
Son bir ayda yeni bir pandemiya dalğasının fonunda, neft iyulun ən yüksək səviyyəsindən təxminən on dollar aşağı düşdü. Çinin dəmir yolu və hava səyahətlərində məhdudiyyətlər tətbiq etməsi investorları narazı salır və Avstraliya, Yaponiya və ABŞ-da da bu yaxınlarda yeni növ koronavirusa yoluxma rekordları qırıldı.
Bundan başqa, “Financial Times” qeyd edir ki, dolların möhkəmlənməsi nefti başqa valyutalarda hesablaşan şirkətlər üçün bahalaşdırıb. Eyni zamanda, nəşr hesab edir ki, neftin zəifləməsinin obyektiv səbəbləri azdır və yalnız OPEC+ siyasəti vəziyyətə həqiqətən təsir etdiyi üçün təhlükə şişirdilmiş görünür.