“Dəhşətdir, uşaqların üzlərində kədər, qorxu var” – TN yanında İctimai Şuranın sədri

Cəmiyyət

21.01.2022 - 21:11

Günel Səfərova: “Bizdə təəssüf ki, hüquqi prosedur ancaq inzibati cəza ilə yekunlaşır”

İsmayıllıda 1 saylı körpələr evində tərbiyəçinin 2 yaşlı uşağın yemək yeyərkən şəklini çəkdiyi zaman başına qapazla vurması ictimaiyyət tərəfindən ciddi, sərt reaksiya ilə qarşılandı. Bundan sonra Təhsil Nazirliyinin (TN) yaydığı açıqlamada bildirildi ki, tərbiyəçi Zülfiyyə Baxışova işdən azad edilib.

Şiddətlə üzləşmiş körpənin atası isə jurnalistlərə açıqlamasında söyləyib ki, tərbiyəçi ailə üzvlərindən biri sayılır, işdən azad edilərək yetərincə cəzlandırılıb və onlara da üzrxahlıq edib, ailə tərbiyəçidən şikayətçi deyil.

Qeyd edək ki, videogörüntüyə reaksiya verənlər arasında tərbiyəçinin ağır şəkildə cəzalandırılması tərəfdarı olanlar da az deyildi. Lakin tərbiyəçinin işdən çıxarılması ilə yanaşı cəza alması o halda mümkündür ki, valideyn şikayətçi olsun. Bu zaman uşağı döyən tərbiyəçiyə qarşı xüsusi ittiham qaydasında ittiham qaldırıla bilərdi.

Bu və digər bənzər hallarla bağlı AYNA-nın suallarını TN yanında İctimai Şuranın sədri Günel Səfərova cavablandırıb.

- Azyaşlıya şiddət, fiziki və mənəvi zorakılıq törətmiş şəxsin işdən çıxarılması və ya töhmət verilməsi, sizcə, kifayətdirmi? Yəqin müşahidə etmisiniz, son hadisə insanlarda daha çox aqressiya oyatdı, daha sərt cəza tələb edənlərin olduğunu gördük.

- İnzibati tənbeh cəzası və yaxud işdən çıxarılma və s. yetərli addım olmasa da, çəkindirici niyyət daşıyır. Çünki müəllimin və ya direktorun işdən çıxarılması, töhmət verilməsi və s. onları bundan sonra daha diqqətli davranmağa məcbur etmək məqsədi daşıyır. Yalnız bu, kifayətdirmi? Əlbəttə ki, deyil. Maarifləndirmə aparmaq lazımdır. Biz zorakılıq qurbanı ilə yanaşı zorakılıq etmiş insanı da araşdırmalıyıq. Təməldə yatan səbəbi aşkara çıxarmalıyıq. Bəlkə, o adam özü də hansısa zorakılğın qurbanıdır.

- Bu hal baş veribsə, təhsil müəssisəsinin uşaq qarşısında daşıdığı məsuliyyət nədir? Axı uşaq psixoloji travma alır və müəllimin və ya tərbiyəçinin işdən azad edilməsi, töhmət almasının həmin uşağa bir faydası hiss olunmur.

- Təəssüf ki, bizim məktəblərin ayrı-ayrılıqda özlərinin uşaq müdafiə siyasəti yoxdur. Dünyada belə bir praktika var ki, uşaqlarla işləyən bütün müəssisələrin, qurumların hər birinin özünün uşaq müdafiə siyasəti var. Bizdə isə bu təcrübə yoxdur və yəqin ki, zamanla formalaşacaq. Uşaq şiddətlə qarşılaşırsa, fiziki, mənəvi travma alır və bu, danılmaz faktdır. Hazırkı durumda mən ümid edirəm ki, zorakılıqla qarşılaşmış uşağın ailəsi, məktəb psixoloqu tərəfindən travmasının aradan qaldırılması üçün addımlar atılır. Bizim də niyyətimiz gələcəyimizi travmadan təmizləməkdir. Travmalı gənclər bizə nə verə bilər ki?! Biz istəyirik ki, hüquqlarını bilən, sağlam bədənli, sağlam düşüncəli vətəndaşlar yetişdirək.

- Məsələn, sözügedən bağçanın sosial media hesabında görüntülər paylaşılıb. Uşaqların üzündə kədər, gözündə qorxu var. Bağça nəzarətə götürülməlidirmi?

- Artıq məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindədir. Elədir, həmin bağçanın “Instagram” hesabına baxanda uşaqların şəkillərdə üzündə kədər, qorxu görürük. İnsan dəhşətə gəlir. Həmin tərbiyəçinin yəqin ki, özünün ciddi psixoloji problemləri var. Çünki hiss olunur ki, bu, davam edən bir fəaliyyət olub.

Mən valideynlərə, məktəbəqədər təhsil müəssisələrində çalışanlara da çağırış edirəm ki, diqqətli olsunlar. Valideynlər uşaqlarına qarşı daha həssas yanaşsınlar. Uşaqlarının şiddətlə üz-üzə qalıb-qalmadığını bilmək üçün onlarla söhbət etsinlər. Uşaqlarını bir müəssisəyə əmanət etməzdən əvvəl araşdırsınlar. Müəssisələr isə hər bir əməkdaşı ilə etik kodeks imzalamalıdır və orada əmək müqaviləsində, həmçinin, digər sənədlərdə uşaq rifahı əsas götürülməlidir. Hansısa insidentin baş verməsi halında işdən azad edilməsi, ciddi tədbirlərin görülməsi olmalıdır. Bizdə təəssüf ki, hüquqi prosedur ancaq inzibati cəza ilə yekunlaşır.

- Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərənlərin mütəmadi olaraq psixoloji müayinədən keçirilməsi istənilir. İndiki halda, sizcə, bu, real görünürmü? 

- Nazirliklə müzakirələr aparırıq ki, bir çox məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə gedən prosesləri – təlimi, tədrisi monitorinq etmək məqsədi ilə bir anlaşma əldə edək. Çünki bu, nazirliyin icazəsi ilə mümkündür. Bu monitorinqin əsasında da Təhsil Nazirliyi üçün bir hesabat hazırlamaq istəyirik, görək real şərait nədən ibarətdir.

Müəllif: Aləmdə Nəsib