“Dayanıqlı sülh yoxdursa, qoşunların sərhəddən geri çəkilməsi mümkün deyil” - DEPUTAT

Aktual

15.12.2023 - 10:18

Rasim Musabəyov: “Sülh şəraiti yaranarsa, gələcəkdə sərhəddən ağır hərbi texnika müəyyən məsafədə çəkilə bilər”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxna ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında deyib ki, rəsmi İrəvan qoşunların Ermənistan-Azərbaycan sərhədindən “güzgü” prinsipi ilə geri çəkilməsi təşəbbüsü ilə çıxış edib: “Biz inanırıq ki, bu, müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək. Mən demirəm ki, razılaşma var. Bu, hazırda müzakirə olunan bir fikirdir. Başqa ideyalar da var”.

Rəsmi Bakıdan Mirzoyanın bu iddialarına cavab gecikmədi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında dedi ki, erməni həmkarının fikri ilə razı deyil: “Danışıqlar prosesində müzakirə olunan hansısa elementi çıxarıb ayrıca təqdim etmək cəmiyyətdə çaşqınlıq yaradır. Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda qoşunlar geri çəkirlərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi”.

“Bu gün Azərbaycan Ordusu Azərbaycan sərhədlərini qoruyur. Bu da məntiqlidir. Azərbaycan Ordusu həmin sərhədlərə kiminsə xoş niyyəti, dəvəti ilə gəlməyib. Azərbaycan Ordusu 30 il sonra qan tökərək torpaqlarını azad edib, bu gün sərhədlərində dayanır. Bizim prinsipial yanaşma odur ki, Azərbaycan sərhədi yalnız Azərbaycan əsgəri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə oluna bilməz. Bu, Azərbaycanın suveren hüququdur. Bizim də Ermənistana tövsiyəmiz odur ki, bizim konstruktiv təkliflərimizə diqqət yetirsinlər. Bu halda məsələlər müsbət məcrada inkişaf edə bilər”, - deyə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri fikrini tamamlayıb.

Mirzoyanın iddiası rəsmi Bakı tərəfindən təkzib olunsa da, sual aktuallığını qoruyur – Ermənistan qoşunların geri çəkilməsində niyə bu qədər israrlıdır.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxışlarında bir neçə dəfə qoşunların “güzgü” prinsipi ilə geri çəkilməsinin vacibliyindən danışıb.

Milli Məclisin deputatı Rasim Musabəyov AYNA-ya deyib ki, qoşunların çıxarılması müzakirə olunmur:

- Rəsmi Bakı da Mirzoyanın bu iddiasını təkzib etdi. Ola bilsin ki, Mirzoyan belə düşünür, arzusu budur, dilə gətirib. Ermənistan çox şey istəyə bilər. Amma masada bu məsələ müzakirə edilmir.

- Qoşunların çəkilməsinin təhlükələri nələrdir?

- Adətən sülh olan yerdə, heç bir hərbi təhlükə mövcud deyilsə, o zaman ağır texnika, artilleriya, reaktiv qurğular sərhəddən müəyyən məsafəyə çəkilir. Baxın, söhbət qoşunlardan, əsgəri heyətdən getmir, ağır hərbi texnikadan gedir. Bu da sülh olduğu, təhlükəsizlik təmin edildiyi halda həyata keçirilir. Dayanıqlı sülh yoxdursa, qoşunların sərhəddən geri çəkilməsi mümkün deyil. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh şəraiti yaranarsa, yəqin ki, gələcəkdə sərhəddən ağır hərbi texnika müəyyən məsafədə çəkilə bilər. Bu, Mirzoyanın deyib-deməməsindən asılı olmayaraq gələcəkdə həyata keçirilə bilər. Amma qoşunların çəkilməsində başqa bir problem də var. Qoşunların “güzgü” prinsipi ilə geri çəkilməsi qərarı verilsə, Ermənistan qoşunlarını hara çəkəcək? Məsələn, Ermənistan qoşunlarını Zəngilan, Qubadlı istiqamətindən geri çəkərsə, bu dəfə gedib Naxçıvanla sərhədə yaxınlaşacaq. Orada coğrafi şərait elədir ki, Zəngilan istiqamətindən çəkəndə Naxçıvana yaxınlaşır, Naxçıvan istiqamətindən çəkəndə Zəngilana. Amma yenə deyirəm, ağır artilleriya, ağır hərbi qurğular gələcəkdə, dayanıqlı sülh yarananda təxminən beş kilometrlik zolaqda geri çəkilə bilər.

- Məsələ burasındadır ki, Ermənistan silahlanmaqdadır. Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyasının əməkdaşlarının da sayı artırılır. Belə bir məqamda qoşunların geri çəkilməsi riskli olmaz?

- Rəsmi Bakı bu addımın atılmayacağını, bunun ümumiyyətlə müzakirə olunmadığını bəyan etdi. Hesab edirəm ki, bununla da məsələ bitmiş oldu. Ona görə də indi hansısa risk yoxdur.

Mülki Monitorinq Missiyası əməkdaşlarının sayının artırılmasına gəlincə, bu da ciddi təhlükə deyil. Həmin əməkdaşların sayı 70 nəfər artırılır ki, bu say da 200-dən bir az artıq olur. Məsələn, müqayisə üçün deyim ki, Ermənistandakı ABŞ səfirliyində 300-dən çox dəniz piyadası daimi yerləşdirilib. Eyni zamanda, Rusiyanın sərhəd qoşunlarının 4 mindən çox hərbçisi Ermənistan sərhədlərini qoruyur. Bununla yanaşı, 5 mindən çox rus hərbçisi Ermənistandakı hərbi bazalarında yerləşdirilib. Bu rəqəmlərə baxanda, Avropanın göndərdiyi missiya əməkdaşlarının sayı rəmzi xarakter daşıyır. Amma görünür, Avropa İttifaqı Ermənistandakı mövcudluğunu genişləndirmək istəyindədir. Təbii ki, biz bu niyyəti nəzərə almalıyıq, addımlarımızı atmalı olacağıq.

- Mirzoyan onu da bildirdi ki, sülh sazişi ilə bağlı işlərin böyük hissəsi görülüb, indi mühüm məsələlərin həlli üçün görüşmək, danışmaq, yekun razılığa gəlmək lazımdır. Sizcə, ilin sonunadək görüş baş tuta bilərmi?

- Rəsmi İrəvan Bakıdan göndərilən təkliflərə 70 gündən sonra cavab göndərdi. İndi təxminən 10 gündür Azərbaycan bu sənəd üzrə iş aparır. Düşünürəm ki, Azərbaycan İrəvandan göndərilən cavab sənədi üzərində işləri yekunlaşdırandan sonra XİN başçıları görüşüb sənədi imzalanmaq üçün hazırlaya bilərlər. Amma bu nə vaxt baş verəcək, harada baş verəcək, hələlik bir şey demək çətindir. Çünki bu barədə heç bir konkret razılaşma yoxdur.

Müəllif: Anar Bayramoğlu