Parlament partiyaları ilə müqavilə imzalanıb: 2,05 milyard dollar ayrılacaq
Danimarka hökuməti Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün parlament partiyaları ilə müqavilə imzalayıb. Krallığın Müdafiə Nazirliyinin məlumatına görə, bu məqsədlər üçün 14,6 milyard kron (2,05 milyard dollar) ayrılacaq.
AYNA “Reuters”ə istinadən xəbər verir ki, Danimarkanın Arktika və Şimali Atlantikada hərbi mövcudluğunun maliyyələşdirilməsinə üç yeni Arktika donanma gəmisi, iki uzun mənzilli pilotsuz uçuş aparatı (PUA) və müşahidəni təkmilləşdirmək üçün peyklərin alınması daxildir.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında ölkənin "təhlükəsizlik siyasəti sahəsində ciddi problemlərlə" üzləşdiyini bildirib.
“Danimarka hərbi kəşfiyyatının məlumatına görə, Arktika və Şimali Atlantikada təhlükə səviyyəsi artıb. Ona görə də biz bölgələrdə silahlı qüvvələrin mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirməliyik”, - deyə bildirib.
Nazirin sözlərinə görə, razılaşma Farer adaları və Qrenlandiyanın hakimiyyət orqanları ilə sıx əməkdaşlıq nəticəsində əldə olunub.
Krallığın Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, sənəd 2025-ci ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılan növbəti addımların əsasını qoyacaq.
Danimarkanın Arktikada hərbi iştirakını artırması barədə açıqlama ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almaq niyyəti ilə bağlı açıqlamaları fonunda baş verib. Amerika Prezidentinin bu sözlərindən sonra Danimarka adanın müdafiəsi üçün xərcləri əhəmiyyətli dərəcədə artırmaq planlarını açıqlayıb.