Cənubi Koreyada “ikinci dalğa” təlaşı yaşanır

Dünya

23.06.2020 - 15:49

Hökumət daha sərt karantin tədbirlərinə əl ata bilər

 

Cənubi Koreyada gündəlik koronavirusa yoluxma sayında artım davam etməkdədir. AYNA xarici mediaya istnadən xəbər verir ki, Seul Bələdiyyəsinin sədri Park Von son vəziyyəti açıqlayıb.

 

O bildirib ki, virusa yoluxma faktı bu templə davam etsə, iyul ayında yoluxma sayının 800-ə çatacağı ehtimalı yüksəkdir. Sədr statistik nəticələrin təhlilindən danışaraq ikinci dalğadan bir ay əvvəli yaşadıqlarını deyib və ictimaiyyəti maska taxmağa, bir yerə toplaşmamağaŞ qapalı məkanlardan uzaq durmağa səsləyib. Park Von qeyd edib ki, Seulda yeni yoluxma sayı 3 gündə 30-dan artıq olarsa və xəstəxanalarda çarpayıların 70 faizdən artığı dolarsa, daha sərt karantin qaydalarına keçiləcəyi istisna deyil.

 

Qeyd edək ki, Cənubi Koreyada may ayının sonundan bu yana gündəlik 40-50 aralığında yeni yoluxma qeydə alınırsa, bunun əksəriyyəti Seul və ona yaxın yerlərin payına düşür. Ölkədə gündəlik koronavirusa yoluxma sayı 26 maydan bu yana bu gün ilk dəfə 20-dən az olub. İndiyə qədər 12 min 438 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 10 min 881 nəfəri sağalıb, 1277 nəfərdə müalicəsi davam edir, 280 nəfər isə vəfat edib.

 

Son zamanlarda virusa yoluxanların əksəriyyəti gecə klublarına gedənlər, e-ticarət şirkətinin anbarında çalışanlar, kilsə ziyarətçiləri olub. Ölkədə sosial məsafə qaydaları 6 maydan yumşaldılıb, bundan sonra virusun artdığı yerlərdə, eləcə də paytaxt Seul və ətraf ərazilərdə virusa qarşı mübarizə gücləndirilib.

Müəllif: Ayna.az