Çavuşoğlunun ittihamından sonra ABŞ-dan başsağlığı mesajı gəldi

Dünya

15.02.2021 - 13:07

XİN başçısı: "Qərb terrorçuları "yaxşı" və "pis" olaraq bölməyə davam edir”

 

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, Qərb ölkələrini terrorizmə qarşı ikili standartlarda ittiham edib. AYNA-nın xəbərinə görə, İraqın Qara bölgəsində PKK terrorçuları tərəfindən 13 mülki türkün öldürülməsini şərh edən nazir “Twitter”də yazıb.

 

“Qərb ikili standartlara riayət etməyə və terrorçuları “yaxşı” və “pis” kimi bölməyə davam edir”, - deyə Çavuşoğlu qeyd edib.

 

Nazir paylaşımı İngilis dilində də yayımlandıqdan beş saat sonra ABŞ Dövlət Departamenti PKK terror təşkilatı tərəfindən İraqın Şimalında 13 türk mülki şəxsin öldürülməsi ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

 

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar 14 fevralda İraqın Şimalında Türkiyə Silahlı Qüvvələrinin “Pəncə Qartal – 2” əməliyyatı zamanı, 2015-ci ildə terrorçular tərəfindən qaçırılan 13 Türkiyə vətəndaşının cəsədinin tapıldığını söyləyib.

Müəllif: Ayna.az