Cavad bəy Şıxlinski – Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarındandır. Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərən Cavad bəy, 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyasına komandan təyin edilib, 1918-ci ildə Bakını daşnaklardan təmizləməyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən medalla təltif olunub. O, 1919-cu ildə 1-ci Piyada Diviziyanın komandiri təyin olunub. Bundan başqa, 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub. Cavad bəy Şıxlinski Zəngəzur və Qarabağda erməni separatçı qüvvələrinə qarşı Milli Ordumuzun əməliyyatlarında fəal iştirak edib. 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləyib. Qeyd edək ki, bu il Cavad bəy Şıxlinskinin anadan olmasından 150 il ötür.
Jurnalist Hafiz Əhmədov Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq, 104 ildən sonra Cavad bəy Şıxlinskinin İranda yaşayan ailə üzvlərini tapıb, həmsöhbət olub. Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru Cavad bəy Şıxlinskinin 97 yaşlı oğlu Çingiz Şeyxli HafizTimes.com-a eksklüziv müsahibəsi zamanı ailəsi ilə bağlı uzun illər gizli qalmış mühüm faktları açıqlayıb və ilk dəfə olaraq atasının məzarının dəqiq yerini söyləyib. O, həmçinin Cavad bəy Şıxlinskinin tarixi fotolarını da bizə təqdim edib:
– Sizinlə türk dilində (Azərbaycan dili) danışa bilərik?
– Mərhum atam bizimlə həmişə türk dilində danışardı. Bizə də türk dilini öyrətmişdi. Atam vəfat edəndən çox illər keçib. İndi türk dilində danışmaqda çətinlik çəkirəm. Amma yenə də sizinlə türk dilində danışmağa çalışacam, səhvlərim olarsa, məni bağışlayın…
– 100 ildən sonra, ilk dəfə Azərbaycandan bir junalistin sizi axtarıb tapdığını biləndə nə hiss etdiniz?
– Mən indi çox xoşbəxtəm. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. İnana bilmirəm ki, illər sonra mən atamın çox sevdiyi vətəni ilə danışıram. Buna görə də sizə minnətdaram. Xoş əhval-ruhiyyə arzu edirəm. Bu, atamın arzusu idi. Siz məni necə tapa bildiniz…
Atam bizə Azərbaycan haqqında çox danışardı. Mənə həmin günləri yenidən yaşatdınız. O, həmişə deyərdi ki, “bizim Badi-kubəmiz çox gözəl şəhərdir”.
– Azərbaycana, Bakıya gəlmək istərdinizmi?
– Bakı haqqında çox eşitmişəm. Burada hər kəs Bakının necə gözəl şəhər olduğunu söyləyir. Mən də fəxr edirəm. Əlbəttə ki, Azərbaycanı görmək istəyirəm. Bu, mənim atamın arzusu idi. Amma mən indi çox qocalmışam. Artıq yüzə yaxın yaşım var. Allah verdiklərini indi məndən geri alır, qulaqlarım eşitmir, gözlərim də görmür. Amma hələ ki, yaddaşım yerindədir.
– Atanız Cavad bəy Şıxlinski ilə bağlı bizə nələri açıqlamaq istərdiniz?
– Bilirəm ki, atam Azərbaycanda Ordu komandiri olub. O, Azərbaycanda rus hakimiyyəti qurulduqda, rejim dəyişdikdən sonra İrana köçmək məcburiyyətində qalıb. Və uzun illər İran ordusunda da xidmət edib.
Çox təəssüflər olsun ki, atam bir daha Azərbaycana geri qayıda bilmədi. O, ailəsindən, qohumlarından ayrı düşdü. Bu, atam üçün ağır dərd idi. O, ailəsi, vətəni üçün çox darıxırdı. İllər sonra sizin bizi axtarıb tapmağınız bizi çox xoşbəxt elədi. Kaş ki, atam da bu günü görəydi…
– Soyadınızı nə vaxt, necə dəyişibsiniz?
– Bizim buradakı soyadımız “Şeyxlidir”. Atam İrana gəldikdən sonra buranın vətəndaşlığını alıb və soyadımızı dəyişib.
– Cavad bəy Şıxlinskinin ölüm səbəbi nə idi? Onun dəqiq məzarı haradadır?
– Atam 1953-cü ilin noyabrında, 83 yaşında ikən o vaxt sağalmaz olan bir xəstəlikdən vəfat etdi. O, polkovnik rübtəsində idi. Atam üçün təmtəraqlı hərbi dəfn mərasimi də keçirildi və cənazəsi Rey şəhərindəki İmamzadə Abdullah qəbiristanlığında dəfn edildi.
– Bəs əminiz Cahangir bəy Şıxlinskinin məzarı haradadır?
– O, Əhvaz şəhərində vəfat etdi. Elə orada da dəfn olunub.
– Azərbaycandakı ailənizlə bağlı nələr bilirsiniz?
– Qeyd etmək istəyirəm ki, atam və ailəsinin doğulduğu yer Azərbaycanın Qazax rayonudur. General Əli ağa Şıxlinksi də Qazax rayonundandır və bizim qohumumuzdur. Bizdə general Əli ağa Şıxlinski ilə bağlı sənədlər də var. Çox təəssüflər olsun ki, indiyə qədər Azərbaycandan, gözəl Bakı şəhərindən, doğma qohumlarımızdan kimsə bizi axtarmadı. Siz bizim üçün belə bir fürsət yaratdınız. Bu, bizim üçün böyük şərəfdir. Həmin kitabda Əli ağa Şıxlinksidən bəhs olunur. O, mənim atamın kitabı idi. Atam həmişə onu oxuyardı. Həmin kitab çox illər öncə fars dilinə də tərcümə edilib. Bəzi səbəblərə görə yayımlanmayıb.
– Çingiz Şeyxli, sizi daha yaxından tanımaq istərdik. Sizə “İranda mağaraçılıq sənətinin atası” deyirlər…
– Bəli, mən bir mağaraçı və alpinistəm. Ömürümün 70 ilini mağaralara həsr etmişəm. Məhşəd şəhərində dünyaya gəlmişəm. Ədəbiyyat üzrə təhsil almışam. Daha sonra arxeologiya üzrə də təhsil aldım. 12 yaşım olan zaman Məşhəd şəhərindəki təpələrə dırmanmağa başladım.
Ümumilikdə, İran ərazisində 500-dən çox mağara kəşf etmişəm. Ən yüksək zirvələrə çıxışmışam. İranda bu sahənin əsasını qoyanlardan biriyəm. İranda ilk dəfə Mağaraçıqlıq Dərnəyini (1946-cı ildə) mən və dostlarım yaratdıq. Bu sahə ilə bağlı 16 cildlik kitab müəllifiyəm.
– Qardaşınız barədə məlumat verin.
– Məhəmməd adlı bir qardaşım vardı. O da vəfat etdi (1958-ci ildə). O, mənim yeganə qardaşım idi.
– Bəs siz indi harada, necə yaşayırsınız?
– Uzun illərdir ki, mən həyat yoldaşım Zəhra xanımla birlikdə yaşayıram. Evdə bizdən başqa heç kim yoxdur. Qardaşım da vəfat edib. Onların övladları var. Hərdən gəlib bizi də ziyarət edirdilər. Artıq xeyli vaxtdır ki, onları da görmürəm. Qulaqlarım eşitmədiyinə görə sizin suallarınızı da Zəhra xanım mənə başa salır.
– Sizcə, Vətən haradır?
– Vətən bizim doğulduğumuz yerdir. Amma məni Bakı, Azərbaycan daha çox maraqlandırır. Azərbaycanı görmək istəyirəm. Şeyxli ailəsinə, atama göstərdiyiniz böyük dəyərə görə sizə dərindən təşəkkür edirəm. Bütün Azərbaycan xalqına öz salam və dualarımızı göndəririk. Allah sizi qorun. İndi atamın da ruhu şaddır.