Bu Afrika ölkəsinin keçmiş birinci ledisi tutulub

Dünya

03.06.2020 - 16:19

Tabane ərinin birinci arvadının qətlini sifariş verməkdə şübhəli bilinir

 

Cənubi Afrika ölkələrindən olan Lesotonun sabiq Baş Naziri Tomas Tabanenin istefasına səbəb olan “eşq cinayəti”ndə yeni xəbərlər ortaya çıxıb. AYNA xarici mediaya istinadən bildirir ki, Tabanenin həyat yoldaşı Maesaiah Tabanenin ərinin keçmiş arvadı Lipolelonun ölümündə əlinin olduğu barədə əsaslı şübhələr yaranıb.

 

Hadisə ilə bağlı araşdırmalar gücləndirildiyi vaxt Cənubi Afrika Respublikasına qaçan, amma sonra ölkəyə qayıdan xanım Tabane qətlin sifarişçisi şübhəsi ilə həbs olunub. Keçmiş birinci ledinin qarşıdakı günlərdə hakim qarşısına çıxarılacağı gözlənilir.

 

Qeyd edək ki, Tomas Tabane ölkəsində ona qarşı basqıların artması səbəbi ilə mayın 19-da Baş Nazir vəzifəsindən istefa verib. Onun birinci həyat yoldaşı Lipolelo 2017-ci ildə avtomobili ilə evinə qayıdarkən silahlı hücum nəticəsində qətlə yetirilib.

Müəllif: Ayna.az