Boynumuzu uzadırıq bıçağın altına və düşünürük: <font color=red> Daha gözəl olacaq</font>

Cəmiyyət

24.05.2020 - 10:50

İnanmayan, 3 pasiyentinin ölümünə səbəb olan iranlı Sirus Qoçxaninin xəstələrinin aqibətinə nəzər salsın

 

Dünyanın nüfuzlu BBC telekanalını izləyəndə diqqəti oradakı aparıcı xanımlar çəkir. Üz dərisi qırışlı, qaşı aşağı düşmüş, saçı az qala yuxudan oyanmış kimi... Elə bil, kanalın nə qrim, vizaj ustası var, nə də düz-əməlli işıqçısı.

 

Pis çıxmasın, həmin baxımsız aparıcıları görəndə bu təbii, üzünə əl dəyməmiş ingilis qadınlarının bizim xanımların əlinə su tökməyə yaramadıqlarının şahidi oluruq. Bu, xarici ölkə qadınlarını aşağılayıb, bizimkiləri üstün tutmaq deyil, sadəcə bunu artıq ölkəmizə gələn əcnəbilər də təsdiqləyirlər ki, bizim qadınlar təbii, özünəməxsus gözəldirlər. Baxmayaraq ki, indi çoxusu şişdodaq, süni, monotom görünüşlə özünü pis günə qoyub.

 

Peşəkar baxımdan şərh edəndə isə, BBC aparıcılarının bu təbii görünüşünü saxlamasının bir vacib tərəfi var. Onların məqsədi tamaşaçıya özlərini yox, xəbərlərini göstərmək, baxdırmaq, oxutmaqdır. Burada artıq bizim telekanalların surətpərəst xəstəliyi üzə çıxır. Hava proqnozu xəbərini deyən qadını belə, ifrat bəzəyib ekranda göstərməyin mənası nədir? İnsanların, proqnozu dinləmədən, gözləri aparıcıda olur. Bu səbəbdən də müqayisə etdiyim xarici telekanallarda, elə BBC-də də hava məlumatını kişi aparıcılar səsləndirirlər. Nə isə...

 

Bizim qadınlarımızın “baxımlı” olmağın dozasını aşmağa başladıqları tarixi dəqiq bilmirəm. Dəqiq odur ki, son on ildə nə bəladırsa, hər kəs özünü səhnə adamına bənzətməyə, diqqət mərkəzində olmağa çalışır. Bunun üçün uşağının boğazından kəsib, pul yığıb əməliyyatlara, estetik, kosmetoloji prosedurlara maya qoyanlar da var. İndi tipik azərbaycanlı xanımının özünəməxsusluğu, təbii gözəlliyi az qala təhlükə qarşısındadır, hətta deyərdim ki, təbii gözəllik tükənmək üzrədir. İnsanlar təbii üz, təbii çöhrə axtarışındadırlar. Bədəninə, üzünə müdaxilə etmək xəstəliyinə düşənlər isə müraciət edəcəyi həkimin ağına-bozuna baxmadan pulunu verib əməliyyat stoluna uzanmağa tələsirlər. Nədir bu təlaş, nədir bu tələskənlik?

 

Misal üçün, son günlər gündəmdə olan və 3 pasiyentinin ölümünə səbəb olan iranlı “cərrah” Sirus Qoçxaninin birinci xəstəsinin aqibətinə (2017-ci ildə piysovurma-liposaksiya əməliyyatından 2 gün sonra ölüb) baxaq. 22 yaşlı Leyla Oruclu... Model olmaq üçün gözəl qız həkimə müraciət edib, tək istədiyi ona “problem” yaradan (fotolarında heç çəki problemi olmadığı görünür) “piy”lərdən azad olmaqdı. Həkim Qoçxani pasiyentin bir ay əvvəl edilmiş tibbi müayinə sənədinə gözücü baxıb, gözündə linza, saçında qaynaqla onu əməliyyata salıb. İndiyədək heç bir məsuliyyətə cəlb olunmayan və fəaliyyətinə 3-cü xəstəsinin ölümünə qədər davam edən bu “həkim”in cəzasını hələ də verən yoxdur! Bu barədə əvvəlki məqalədə söz açmışdıq.

 

Baxmayaraq ki, cəmiyyət Leyla Oruclunun əməliyyatından belə, xəbərsiz olan valideynlərində daha çox təqsir görürdülər, bəlkə də haqlı idilər.

 

Əlində 3-cü xəstəsi öləndə cəmiyyət bu dəfə də həkimdən çox, pasiyenti qamçıladı. “Günah öləndədir”, “iki xəstəsini öldürənin yanına da gedərlərmi?”, “pullarını boş-boşuna havaya sovurub, canından olurlar”, “bu həkimi baykot etmək lazım idi, ona necə inanmaq olar?” və s.

 

Doğrudan da, həkimin, cərrahın faəliyyətini araşdırmadan necə bədənini ona təslim etmək olar? Səhiyyə sistemindəki neqativlər, nəzarətsizlik başqa dərddir, bunu aradan qaldırmağı bacarmırıqsa, heç olmazsa, özümüz “yaxşı həkim” axtarışını uğurla həyata keçirək.

 

Təəssüf ki, bu gün təcrübəli həkimlər də naşı həkimlərin fəaliyyətinin davam etməsinə göz yumur, ifşa, tənqid etmədən susurlar. “Həkimin əlində xəstə ölər də” aksiomasını çox eşitmişik, amma peşəkar həkimlərimiz inciməsinlər, reklamlı, bir neçə aylıq kursla “uzman” adı ilə ortada dolaşan “həkim”lərin varlanması və meydanda at oynatmasında peşəkarların da təqsiri var. Bu da başqa dərddir.

 

Maraqlısı ondadır ki, Qoçxani adlı “estetik cərrah”a müraciət edən və həyatını itirən üç pasiyentin də əməliyyat stoluna uzanmasına səbəb kompleksləri olub. Bunu onların fotolarına baxanda da təxmin etmək olar. İndi tək Qoçxani deyil, bir çox estetik cərrah xəstəsini qəbul edəndə daha çox onlara qazanc mənbəyi kimi baxır. İnanmıram ki, pasiyentinə “get, sənin əməliyyata ehtiyacın yoxdur” deyən həkim olsun. Bəlkə də, problem elə buradan başlayır. Xəstə də tələsir, həkim də!

 

AYNA ilə bu məqamı müzakirə edən psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, insanlar birdən-birə əməliyyata girməyi arzulaya bilməzlər: “Ümumiyyətlə, plastik cərrahlar uyğun görsələr, onlara müarciət edən insanları əvvəlcə psixoloqlara yönəldərdilər. Bu vacib məsələ çox halda tələsik əməliyyata giriş zamanı unudulur. Halbuki, əməliyyatdan əvvəl pasiyent psixoloqla danışmalı, yəqin etməlidir ki, onun əməliyyat qərarı nə ilə bağlıdır. Onu narahat edən ətrafın fikridirmi, ya özümü bədənində, xarici görünüşündə dəyişikliyi istəyir, güzgüyə baxanda narahatlıq keçirir? Bu məqamlara tam aydınlıq gətirən insan qərarını təsqiqləməlidir”.

 

“Hətta, psixoloqla söhbətdən sonra insan əməliyyatdan da vaz keçə bilər. Təcrübədə belələri olub. Bəzi insanlar öz bədən quruluşu, üz cizgiləri necə olur-olsun, qəbul edir, belə də yaşamağı seçirlər. Onu kiminləsə özünü müqayisə etmək, kiməsə bənzəmək maraqlandırmır belə. İnsan təbii görünüşünə dəyər verir. Daha çox başqalarının fikri ilə yaşayanlar üçün isə həyat zəhər olur, faciə buradan başlayır. Bu gün yersiz əməliyyata girənlər çoxdur. Hər kəsin qərarı, öz bədəninə müdaxilə olunmasına izni var. Amma əməliyyat ciddi prosesdir, burada ağırlaşma, qəfildən bədənin reaksiyasından ölüm riski də ola bilər. Bu səbəbdən psixoloq məsləhəti, kursu vacibdir, necə ki, dünya praktikasında belədir”, - Mehmanqızı deyib.

 

“Qiyməti ucuz olanda da insanlar əməliyyata tələsirlər, bu da psixoloji amillə bağlıdır” sualına şərh verən psixoloq bildirib ki, qiymət fərqi nisbi məsələdir: “Bu gün endirimli cərrahiyyə əməliyyatlarının elanlarını görürük. Burada kosmetoloji prosedurlar, estetik əməliyyatlar da qarşıya çıxır. Amma ucuz “həkim”, ucuz “əməliyyat” kimi vəziyyəti qiymətləndirmək doğru və haqlı olmazdı. Çünki ola bilər ki, eyni qiymətdə olan əməliyyatın cərrahı daha təcrübəli, digərininkinin həkimi naşı ola bilər. Yaxud bahalı əməliyyatın səbəbi əməliyyatın edildiyi məkanla əlaqədardır, lakin ucuz qiymətə olan əməliyyat başqası ilə müqayisədə daha uğurlu ola bilər”.

 

“Bəli, doğrudur, əməliyyatların ucuz qiymətə təklif olunması insanların psixologiyasına təsir edir. Əlində pulu olan insan qiyməti eşidən kimi onun üçün həkimin bioqrafiyası, təcrübəsi maraqlı olmur, reklamı bəs edir. Necə ki, indi internet məkanda, sosial şəbəkələrdə həkimlərin, cərrahların doğru-yanlış piarları gedir. Uğurlu əməliyyatın videosunun həqiqətdə həmin həkimə aid olduğunu da ayırd etmək mümkün deyil. Bu da insanların çox halda aldadılmasına gətirib çıxarır. Ona görə, əməliyyata qərar verməzdən qabaq insan bunun nə qədər lazımlı olduğunu dəqiqləşdirməli, sağlam başla qərar verməlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı