Bir yanda rəsmi “gülüstan”, digər yanda işsizlərin “Prius” ordusu – Bəlağətdən həqiqətə

Cəmiyyət

22.12.2022 - 14:07

Qubad İbadoğlu: “Gələcəkdə bu problemin ağır fəsadları ilə üz-üzə qalacağıq”

Xalid Kərimli: “Nə vaxta qədər neftin puluna göz diktək olar?!”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib ki, 2022-ci işsizliyin aradan qaldırılmasına həlledici il olub. Onun sözlərinə görə, son dörd ildə əmək müqavilələrinin sayında 400 mindən çox artım olub: “Əldə edilən nailiyyətlər heç də son deyil. Azərbaycan çoxşaxəli məşğulluq siyasəti həyata keçirir. Bu gün hələ bizim üçün bir çox çağırışlar var. Əmək müqavilələrinin ümumi məşğulluqda payı azdır, hədəflərimizdən geriyik. İxtisaslı işçi qüvvəsinin sayı azdır. Azərbaycanda hər il əmək bazarına yüz minlərlə gənc daxil olur. Onların aktual peşələrə cəlbi önəmlidir. Yeni məşğulluq proqramları irəli sürülməlidir. Hər bir işsiz və işaxtaranla fərdi iş aparılmalıdır. Bu sahədə çoxsaylı layihələr həyata keçirilir. Bunun əhatə dairəsi və çeşidləri mütəmadi yenilənməlidir”.

Bir tərəfdə rəsmilərin açıqladığı müsbət statistika, hər il açılan onminlərlə yeni iş yeri, digər tərəfdə isə reallıq dayanır – iş tapa bilməyən və məcburən taksi fəaliyyəti ilə məşğul olan minlərlə “Prius” sürücüsü kimi...

Məşğulluq hər bir dövlətin prioritet istiqamətlərindən biridir və əksər ölkələr əsas diqqətini məhz bu problemin həllinə yönəldir. Azərbaycandan isə hər il xeyli sayda mütəxəssis yaşamaq üçün xarici ölkələrə üz tutur. Onların yerini də Rusiyadan, Ukraynadan, Pakistandan, İrandan və digər ölkələrdən gələn miqrantlar tutur. Və bütün bunların qarşısını almağa məsul olan rəsmilər inkişafdan, işsizliyin aradan qaldırılmasından ağızdolusu danışırlar.

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı alim Qubad İbadoğlu mövzuya dair AYNA-ya şərhində Azərbaycanda yoxsulluğun və işsizliyin sürətlə artdığını deyib: “İşsizliyi doğuran səbəblər müxtəlifdir. Məlumdur ki, dövlət orqanlarında işə qəbul prosesi əsasən tanışlıq kontekstində həyata keçirilir. Düzdür, müxtəlif imtahanlar və müsabiqələr də təşkil olunur. Lakin bu zaman da süründürməçiliyə yol verilir. O cəmiyyətlərdə ki, insanlar zəkasına, bacarığına və istedadına görə qiymətləndirilmir, həmin cəmiyyətlərdə düşünən beyinlər çıxış yolunu ölkəni tərk etməkdə görürlər”.

“Azərbaycanda da bu problem aktualdır. İşsizlik səviyyəsi sürətlə çoxalmaqda, hökumət isə bu problemi həll etmək əvəzinə, ümumi fikirlər səsləndirməkdə davam edir. İşsizliyin aradan qaldırılması üçün işlək proqramlar icra edilmir. Gənclər arasında, xüsusən regionlarda kütləvi işsizlik hökm sürür”, - deyə həmsöhbətimiz bildirib.

İqtisadçının sözlərinə görə, özəl sektor geniş iş imkanlarına sahib deyil: “Bu səbəbdən onlar yeni namizədləri işə götürməkdə çətinlik çəkirlər. Bu, həm insanların sosial problemlər yaşamasına, həm də gələcəkdə pensiya almasına əngəllər yaradır. Əhalinin çoxu günəmuzd işləyir. Bəziləri taksi xidməti göstərir, bəziləri də buna oxşar digər işlərdə çalışırlar. Əksəriyyətin də heç bir əmək müqaviləsi yoxdur. Qanuna görə, 25 il iş stajı olub, tələb olunan pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir”.

“Azərbaycanda isə yalnız dövlət sektorunda uzun müddət çalışan işçilər bu tələblərə cavab verir. Göründüyü kimi, işsizlər bunun fəsadlarını öz gündəlik həyatında yaşamaqda, rəsmi qurumlar isə prosesi kənardan müşahidə etməkdə davam edir. Gələcəkdə bunun ağır fəsadları ilə üz-üzə qalacağıq”, - İbadoğlu söyləyib.

İqtisadçı alim Xalid Kərimli AYNA-ya şərhində ölkədə işsizlik və işçilərin aşağı məvaciblə işlədilməsi halları mövcudluğunu qeyd edib: “300-400 manat aylıq məvacibi olan işlər insanların tələbatını ödəmir. Hazırda iş yerlərini qruplaşdırsaq, üç istiqaməti müəyyən edə bilərik: Bunlardan biri dövlət mülkiyyətli, digəri dövlət şirkətləri, üçüncüsü isə özəl sektordur. Bələdiyyələrlə bağlı isə ümumiyyətlə, danışmağa dəyməz. Dövlət orqanlarında işçilərin məvacibləri Dövlət Neft Fondu, vergi daxilolmaları hesabına ödənilir”.

“Dövlət bizim sərhədlərimizi qoruyur, təhsilimizi, səhiyyəmizi minimum da olsa təmin edir. Hökumətin hazırda apardığı dövlət orqanlarını genişləndirmək siyasəti çıxış yolu deyil. Çünki dövlət qurumları gəlir gətirmir. Neft hasilatı azalarsa, neftin qiyməti düşərsə, nə baş verəcək? Dünyanın hansı ölkəsində bir məhsulun üzərinə bir neçə dəfə pul qoyulur ki?! Hər yerdə bu rəqəm 20-25 faizdir. Tutaq ki, maya dəyəri 22 dollar olan nefti sabah 30 dollara satdıq, o zaman nə olacaq? Nə vaxta qədər neftin puluna göz dikib, iqtisadiyyatı irəli aparmaq olar ki?!”, - deyə mütəxəssis vurğulayıb.

Kərimli izah edib ki, vəziyyətdən çıxış yolu özəl sektorun inkişafından keçir: “Bu, bəlağətli sözlərlə olası iş deyil. Sahibkar görməlidir ki, açdığı işdən, qurduğu şirkətdən fayda götürəcək, o zaman işçilər də cəlb edəcək. Özəl sektoru inkişaf etdirmədən işsizliyi aradan qaldırmaq mümkün deyil. Dövlət qurumları genişlənir, deyirlər ki, iş yerləri yaranıb. Özəl sektorun inkişafı arxa plana keçdikcə, işsizlik problemi də davam edəcək”.

“Ölkəmizdə belə bir qayda var ki, kənd yerində yaşayırsa və adına torpağı varsa, o, birbaşa məşğul əhali qismində gedir. Adında torpağı varsa, artıq o, işsiz sayılmır. Bütün bu adamları statistikaya daxil edirlər və yekunda məlum olur ki, Azərbaycanda işsiz yox imiş. İmitasiya ilə yox, real fəaliyyətlə məşğul olmağın zamanıdır. Problemin həlli isə qeyri-neft sektorunu inkişaf etdirməkdən keçir”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev