İnsan skeletinin hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində ardıcıl tədbirləri davam etdirir. Hər iki qurumun mətbuat xidmətlərinin AYNA-ya daxil olan birgə məlumatında bildirilib ki, beş il əvvəl Ağsu rayonunda törədilmiş cinayətin üstü səmərəli birgə fəaliyyəti nəticəsində açılıb.
Belə ki, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 2017-ci il yanvarın 27-də itkin düşməsi faktına görə Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu il dekabrın 20-də dayandırılıb.
Cari il martın 7-də iş üzrə icraat təzələnərək, istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilib, peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilib.
İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib. O, yanvarın 28-də saat 22 radələrində meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.
Martın 16-da meyitin basdırıldığı yerdən insan skeletinin hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.
Asif Manafov martın 17-də şübhəli şəxs qismində tutulub. O, dindirilərkən törətdiyi əməli etiraf edib.
Prokurorluq orqanları qeyri-aşkar şəraitdə törədilən və ötən illərdən gizli qalan cinayətlərin açılması istiqamətində işləri davam etdirir.