Baş Prokurorluq: “İlkin Süleymanova heç bir işgəncə verilməyib”

Cəmiyyət

24.01.2020 - 11:49

“O, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib”

 

Baş Prokurorluq Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovla bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən AYNA-ya daxil olan məlumatda deyilir:

 

"Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı, guya işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən, tərəfimizdən qəti şəkildə təkzib edilir.

 

Belə ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib, o cümlədən keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilmiş, bundan başqa məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İ.Süleymanovun istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayəti daxil olmayıb.

 

Cinayət işi üzrə intensiv istintaq hərəkətlərinin həyata keçirildiyi bir vaxtda ayrı-ayrı şəxslər tərəfindən heç bir hüquqi əsasları olmayan mülahizələrin səsləndirilməsi yolverilməzdir və istintaq araşdırmalarının maraqlarına zidd olaraq ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına xidmət etməklə cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir”.

 

Qeyd edək ki, 10 yaşlı Quliyeva Nərmin Şərif qızı ötən il noyabrın 21-də, yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. Bu il yanvarın 6-sı axşam saatlarında isə onun yanmış cəsədi evlərinin yaxınlığında tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Tovuz Rayon Məhkəməsinin qərarı ilə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az