Baş nazir Milli Məclisə gəldi: Əli Əsədov hesabat verib

İqtisadiyyat

15.03.2024 - 13:33

Nazirlər Kabinetinin üzvləri parlamentə gəliblər: Hökumətin qarşısında duran hədəflər açıqlanıb

Bu gün Milli Məclisin iclası keçirilib. İclasda gündəliyə daxil olan bir məsələ - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.  Toplantıda Baş nazir Əli Əəsdov və digər hökumət üzvləri iştirak ediblər.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edib. Baş nazir deyib ki, hesabat ilində ölkədə 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub: “Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7 faiz azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7 faiz artıb. Qeyri neft-qaz sənayesi 8,0 faiz artıb. 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 milyard dollar olub. Qeyri-neft ixracı 9.8 faiz artaraq 3,3 milyard dolları üstələyib”.

Ə.Əsədov vurğulayıb ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17 faiz və ya 10 milyard ABŞ dolları artaraq 68,5 milyard dollar təşkil edib və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir: ”2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları olub və ÜDM-in 8,9 faizni təşkil edib”.

“Hökumətin qəbul etdiyi qərarlar inflyasiya təzyiqlərini yumşaldıb”

“Hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3.3 milyard manat artırılıb ki, bu da ötən il strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib. Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”,- deyə Baş nazir bildirib.

Ə.Əsədov əlavə edib ki, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb: “Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrup yaradılıb. Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə Tətbiqi” sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub. İllik inflyasiya isə 2.1 faiz təşkil edib”.

Bu il azad edilən ərazilərə 20 min nəfər köçürüləcək

Baş nazir Qarabağ və Şərqi Zəngəzurdan danışarkən bildirib ki, bu ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin, yəni təxminən 20 min nəfərin köçürülməsi planlaşdırılır: “2023-cü ilin sonunadək isə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə, yəni 4691 nəfər keçmiş məcburi köçkün köçürülüb”.

“2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib. Ümumiyyətlə, martın 1-dək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib”, - deyə Baş nazir hesabatında vurğulayıb.

Qəzalı binalarla bağlı hökumət hansı işləri görüb?

Ə.Əsədov qeyd edib ki, postmüharibə dövründə 6000 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilib: “Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınıb. Bundan əlavə, 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb”.

Baş nazir bildirib ki, ölkədə qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə 12 şəhər və rayonda qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb: “26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu istiqamətdə Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln.manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”.

“Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq”

Baş nazir onu da bildirib ki, müasir ordu quruculuğu prosesi davam etdiriləcək: “Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 milyard manat vəsait ayrılıb. Bu, 2022-ci illə müqayisədə 19,6 faiz çoxdur. Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq”.

Ə.Əsədov su təsərrüfatının təkmilləşdirilməsindən danışarkən deyib ki, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib: “Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. 2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2.2 milyard kubmetrdən çoxdur. Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək”.

Hökumətin gələcək illər üçün hədəfləri...

Baş nazir hesabatı zamanı hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışları da açıqlayıb: “Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur. Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcəkdir. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq. Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq. İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Məhz rəqabət məcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaq. Eyni zamanda, cənab Prezidentin Sərəncamı ilə səkkiz dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi bu prosesə təkan verəcəkdir. Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdirələcəkdir. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək”.

“Prezidentin Hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün azərbaycançılıq prinsiplərini özündə ehtiva edən innovativ müasir təhsilin və elmin, sağlam cəmiyyətin və texnoloji inkişafin təşviq edilməsi əsas şərtlərdir. Dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcəkdir. Prezidentin hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerji ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır”, - deyə Baş nazir hesabatını tamamlayıb.

Müəllif: Anar Bayramoğlu