Bakıda uşaq oğurluğu xəbəri ilə bağlı rəsmi açıqlama - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

24.01.2020 - 12:57

Paytaxt polisi: “İddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”

 

Sosial şəbəkədə Sabunçu rayonunda uşaq oğrusu peyda olması ilə bağlı məlumatlar yayılıb. Lakin polis həmin məlumatları təkzib edir. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AYNA-ya deyib ki, Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurlanması barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb.

 

“Bakı şəhər və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində, fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib. Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur”, - BŞBPİ sözçüsü bildirib.

 

“Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”, - Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az