“Məktəbli yıxılaraq ayağından xəsarət alıb, məktəbə dərhal təcili tibbi yardım çağırılıb”
Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb. Məktəbli təcili xəstəxanaya aparılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.
Qeyd edək ki, şagirdin üçüncü mərtəbədən yıxılması ilə bağlı sosial şəbəkələrdə fərqli fikirlər söylənilib. Bildirilir ki, məktəbli qız özünü üçüncü mərtəbədən ataraq intihara cəhd edib. İlkin səbəb kimi, məktəb direktoru şagirdi növbəti sinifə keçirməyib və məktəbdən uzaqlaşdırılacağını bildirib. Şagird də buna etiraz olaraq intihara əl atıb.
313 nömrəli məktəbin rəhbərliyi isə intiharla bağlı yayılan məlumatlara aydınlıq gətirib. 313 nömrəli tam orta məktəbdən verilən açıqlamaya görə, 10-cu sinif şagirdi məktəbdə texniki işçi kimi çalışan anasının arxasınca gəlib: “Məktəbli yıxılaraq ayağından xəsarət alıb. Qeyd edək ki, məktəbə dərhal təcili tibbi yardım çağırılıb. Həkim müayinəsi zamanı şagirdin ayağında sınıq olduğu aşkar edilib. Daha sonra müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Şagird tibbi müayinələrdən keçirilib, hazırda vəziyyəti qənaətbəxşdir”.