“Bakı tələsir: zəif Rusiyadan nələrsə qoparmaq daha asandır, nəinki…”

Siyasət

25.01.2023 - 14:19

Rəşid Hacılı: “İnanırlar ki, Moskvanın qovulmasının növbəti günü Ermənistana Qərbin silahları və sərmayələri axıb gələcək, F-16-lar, “Rafal”lar şığıyacaq, HIMARS-lar atəş açacaq, Fransa Bakını, Amerika Ankaranı bombalayacaq”

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində etiraz aksiyası 45 gündür davam edir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Erməni separatçıları və Ermənistan aksiya nəticəsində Xankəndidə yaşayan ermənilərin guya blokadada qaldığını, humanitar böhran yaradıldığını iddia edirlər. Ermənilər bütün beynəlxalq platformalarda Azərbaycanı humanitar böhran yaratmaqda ittiham edir.

Azərbaycanın addımları, ermənilərin hay-küyü, Rusiyanın və Qərbin proseslərə yanaşması və ümumilikdə proseslərin nə ilə sonuclanacağı sualları gündəmdədir. Mövzu ətrafında AYNA-nın suallarını Media Hüququ İnstitutunun rəhbəri, Avropada yaşayan ictimai xadim Rəşid Hacılı cavablandırıb:

- Laçın yolunda aksiyalar 45 gündür davam edir. Ümumi prosesi necə qiymətləndirirsiniz?

- Baş verənlərə daha geniş prizmadan baxmaqda fayda var. Bu, sadəcə Ermənistanla Azərbaycan, Xankəndidə yaşayan ermənilərlə Bakı arasındakı məsələ deyil. Bölgədə gedən, get-gedə daha aydın şəkillənməkdə olan geosiyasi tektonik proseslərin episentrindəki hadisələrdir. Həmin geosiyasi ortamdan ayrılsaq, tam və aydın mənzərəni çəkmək mümkün olmaz.

Bu, ilk növbədə Bakı-Moskva çəkişməsidir. Konkret olaraq, bu aksiya Qızılbulaq və Dəmirli yataqlarında filizin qazılıb çıxarılması və emalının ətraf mühitə vurduğu zərərin qarşısının alınması, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında Bakının ekoloji nəzarətinin təmin edilməsi tələbiylə başlayıb. Aksiya həmin yataqlara monitorinq üçün gedən hökumət rəsmilərinin oraya girişinin bir qrup separatçı tərəfindən qarşısının alınmasına etiraz idi. Bu dəstəyə də şəxsən Ruben Vartananyan başçılıq edirdi. Məlumdur ki, Vardanyan Moskvanın orada yerləşdirdiyi, Kremlə, Vladimir Putinə çoxlu tellərlə bağlı olduğu şübhə doğurmayan erməni əsilli Rusiya milliyarderidir.

Kreml Vardanyan fiqurunu “taxtanın üzərinə” təsadüfən çıxarmayıb. Vardanyan fiquru işə salınarkən onun ümumdünya erməni diasporu ilə və onların da vasitəsilə dünya erməniliyinin fəal olduğu ölkələrin siyasi dairələri ilə bağlılıqları, maliyyə imkanları da nəzərə alınıb. Kremlin məqsədləri aydındır: birincisi, hədəf Qarabağdakı ümidsizləşən separatizmə yeni, güclü ruh, impuls vermək, həm oradakı separatçıları, həm İrəvandakı revanşistləri, həm də dünyaboyu “erməni işi” partizanlarını Azərbaycana qarşı toparlamaq, Bakının reinteqrasiya planlarını pozmaqdır.

Moskvanın sonrakı məqsədi Bakını “erməni işi”ndən geopolitik məqsədləri üçün istifadə etməyə çalışan başqa ölkələrlə və Avropa və ABŞ-dakı siyasi dairələrlə daha çox üz-üzə qoymaq, qarşıdurmanı dərinləşdirmək və əlaqələrdə böhran yaratmaqdır. Bunun üçün, məhz həmin erməni şəbəkəsinin də vasitəçiliyi ilə Moskva Avropanın həmin siyasi dairələri ilə dolayı iş birliyindədir. Bunların vasitəsiylə Moskva Bakını Rusiya sülhməramlı kontingentinə konkret səlahiyyətləri özündə birləşdirən uzunmüddətli mandat verməyə məcbur etmək, özünün bölgədə varlığını uzatmaq məqsədi güdür.

Rusiyanın başqa bir məqsədi də İrəvanda Rusiyanın nüfuzunu və təsirlərini gücləndirmək idi. Vardanyanın Xankəndiyə gəlişi və erməniləri ruhlandırması İrəvanda Moskvanın öləziyən nüfuzunu gücləndirməli idi. Eyni zamanda, İrəvanı durmadan Qərbə doğru sürükləyən Nikol Paşinyanı da Rusiyanın ipinə-sapına yatızdırmağa yardım etməli idi.

- Demək olarmı ki, Azərbaycan bu planları pozmuş oldu?

- Təbii ki, bütün bu proses xeyli hamar gedə bilərdi, Azərbaycanın əks-addımları olmasaydı. Bakı bəyan etdi ki, Vardanyan Moskvanın layihəsidir, sülhə yox, dialoqa yox, sabotaja xidmət edir. Vardanyan da bu sözlərin doğru olduğunu dolayısı ilə təsdiqlədi. Tezcə qatı separatçı, bölgəni Azərbaycandan ayırmağa və qarşıdurmaya çağıran bəyanatla çıxış etdi. Ardınca isə mədənləri ekoloji monitorinqə gələnlərin qarşısına separatçı hərbi dəstələrin üzvlərinin müşayətində özü çıxdı.  Bir sözlə, bu qarşıdurmanın əks tərəfində məhz Moskva dayanır. Bu gün Azərbaycan erməni separatçılar, onları hər yolla - silah, maliyyə, insan resursu ilə dəstəkləyən İrəvanla yanaşı, açıq elan etməsə də, Moskva ilə mübarizə aparır.

Mən deyərdim ki, hazırda mübarizə daha çox Moskva ilə gedir. Çünki Azərbaycanın ermənilər yaşayan bölgəni reinteqrasiya etməsi yolundakı ən ciddi əngəl bu gün məhz Moskvadır. Moskvanın bölgəni qaynar saxlamaq, münaqişəni özü idarə etmək və hər iki ölkəni bununla özünə bağlamaq niyyəti aydındır. Bu, köhnə niyyətdir, sadəcə Moskvanın halı əvvəlki hal deyil.

- Münaqişənin davamında maraqlı olan təkcə Rusiyadırmı?

- Təbii ki, yox. Dərd budur ki, Moskvanın bu niyyətində olan başqaları da var. Paris də, Tehran da, Vaşinqton da bunu imkan olunca etmək istəyir. Amma hələ kənardan bəyanatlar verirlər, meydana soxulmaq üçün divarda yarıqlar axtarırlar. Faktiki olaraq, bu gün meydanda olan, bölgəyə əli çatan Rusiyadır. Azərbaycanın bölgədə öz nəzarətini bərpa etməsinə pəl vuran, arabanın təkərinə çomaq soxan da odur. Qarabağ erməniləri ilə Bakının təmaslarının sıxlaşmasını istəməyən də, separatçıların əraziyə silah-sursat daşımasına göz yuman da, bölgənin sərvətlərinin daşınmasına şərait yaradan da Rusiyadır. Üstəlik, Moskva Bakının öz qanuni hüququnu, Laçın yolunda nəzarət yoxlanış postu qoymasını bəhanələrlə əngəlləyir. Moskvadan Xankəndiyə “yeni separatçı lider” qismində Vardanyanı göndərən məhz Kremldir.

- Sizcə, etirazlar bu müddətdə Azərbaycana nə verdi?

- Laçın yolundakı aksiyalar Rusiyanın bölgədəki mövqelərinə zərər vurur. İndi Rusiya yaratdığı durumun, oyunun “meyvələrini” özü də yeməyə məcburdur. İrəvanda Rusiyanı ən yaxşı halda gücdən düşmüş, impotent kimi qəbul edirlər. Pis halda isə erməniləri öz maraqları üçün xırdalayıb xərcləyən gücsüz ağa kimi qəbul edirlər. Hər ikisinin sonucu birdir - “İrəvan yeni ağa tapmalıdır!” deyənlər çoxluğa çevrilir. Bir tanınmış irəvanlı politoloq deyir ki, Ermənistanın hər yerində adi insanlar düşünürlər ki, Moskva bivec və xəyanətkardır, onu rədd etmək yeganə xilas yoludur. Üstəlik, inanırlar ki, Moskvanın qovulmasının növbəti günü Ermənistana Qərbin silahları və sərmayələri axıb gələcək, F-16-lar, “Rafal”lar şığıyacaq, HIMARS-lar atəş açacaq, Fransa Bakını, Amerika Ankaranı bombalayacaq. Buna inananlar sürətlə artır.     

Amma, ayı nə qədər zəifləmiş olsa da, onu həddən artıq qıcıqlandırmağın fəsadlarını hər iki ölkənin siyasi elitası yaxşı anlayır. Bakı Moskva ilə çəkişməsində bəlli çizgiləri keçməməyə çalışır. Hətta, bəzən Moskvanın önəmli saydığı bəzi prinsipial məsələlərdə onunla eyni mövqe sərgiləməyə çalışır. Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsini və ya Qərb ölkələrinin addımlarını bəzən gərəkli göründüyündən xeyli sərt və ucadan tənqid etməsi də buna hesablanıb.   

Beləliklə, Moskva sürətlə itirir. Artıq Avropa Birliyinin mülki monitorinq missiyası Ermənistanda yerləşdirilir. 100, bəzi mənbələrə görə, 200 nəfərlik bu missiya hələlik 2 illiyə yerləşəcək. Bu, Rusiyanın ənənəvi meydanının düz ortasına yeni oyunçunun girməsi və Rusiyanın sıxışdırılmasıdır.   

- Rusiya buna qarşı hansı addımı ata bilər?

- Zəifləyən Moskvanın əlində olan baqajı daha ucuz qiymətə satın almaq, onunla bir sıra məsələlərdə razılaşmaq imkanları var. Moskvanın bəlli anlarda belə geopolitik sərvətlərini satmaq və ya yenilərinə dəyişmək qərarları verməsini gözləməyə dəyər. Məsələn, Laçın yolunda nəzarət yoxlanış postu qoyulmasına razılaşmaq, separatçıların tərksilah olunması, Bakının bir çox sahələrə nəzarətini əngəlləməmək, köçkünlərin orada öz şəhər və kəndlərinə (Kərkicahan, Xocalı və başqa yerlərə) köçürülməsi işlərinin başlanması, Zəngəzur dəhlizinin açılması qarşılığında sülhməramlı kontingentin mandatının daha 5 il uzadılmasına nail olmaq, başqa sahələrdə preferanslar əldə etmək və s. kimi. Hərçənd Qarabağdakı ermənilər üzərində nəzarəti itirmək Rusiya üçün böyük itkidir. Amma Rusiya xeyli zəifləməsi donunda bu vəziyyətlə razılaşa bilər. Rusiyanın Ukraynadakı məğlubiyyəti onun Qafqazdakı təsir gücünü sarsıdır və buradan gedəcəyinin zaman məsələsi olduğu qənaətini gücləndirir.

- Bu geopolitik boşluğu hansı qüvvələr doldura bilər?

- İrandan tutmuş Fransa və Hindistanadək, Çinədək – bundan hamı yararlanmaq istəyir. Hibrid geopolitik savaş gedir və düşünürəm ki, bu savaş güclənəcək. Türkiyənin, Azərbaycanın bölgədə güclənmək şansları az deyil. Bunun üzərinə İrandakı türklərin güclənməsi, siyasi çəkisinin artması perspektivini də gəlmək lazımdır. Tək Güney Qafqazda yox, ona bitişik bölgədə tərpənişlər baş verir. Burada yeni geopolitik ortamda “əllərini qızdırmaq” istəyən kənar güclər də öz işindədir.

- Laçın yolundakı aksiyaya görə Avropa Parlamentində qətnamə qəbul olundu. Sizcə, bu, sadəcə erməni diasporasının yaxşı işləməsinin nəticəsidir, yoxsa başqa səbəblər var?

- Bəzi Avropa ölkələrinin hədləri aşan canfəşanlığı, parlamentlərin tərəfli və adekvat görünməyən qərarları, Avropa Parlamentinin sanki İrəvanda hazırlanmış qətnamə layihəsini səsverməyə qoyub qəbul etməsi, ABŞ konqresmenlərinin aramsız bəyanatları, Qərb mediasının bütünlükdə hadisələri erməni mənbələrinə əsasən işıqlandırması faktlarını görürük. Bunun səbəbi heç də onların, necə deyərlər, “Azərbaycan həqiqətlərini” bilməməsi yox, sadəcə bilmək istəməmələri ilə bağlıdır. İstənilən Qərb mediasının Laçın yolunda blokada olub-olmadığını yoxlamaq, hansısa əngəllər varsa, bunun məhz kim tərəfindən qoyulduğunu yoxlamaq imkanı var. Gorusdan Xankəndiyə gələn avtomobili kimin, harada, nə üçün dayandırdığını öyrənmək imkanları təbii ki, var. Bunu edənin Azərbaycan tərəfi olmadığına əmin olmaq imkanları da mövcuddur. Bilirsiniz, 44 günlük savaş zamanında olduğu kimi, adlı-sanlı media qurumları bəlli siyasi dairələrin onların ağzına atdığı propoqanda saqqızlarını çeynəməklə məşğuldurlar.

Laçın yolunun blokadada olduğunu deyirlər, açılmasını tələb edirlər. Blokadadır, ya yox - bunu qoyuram bir tərəfə. Özünü sülh, dialoq, balanslı, ədalətli yanaşma pozasında tutan Avropa Parlamenti, məsələn, qətnaməsində Laçın yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə Ermənistandan Azərbaycan ərazisinə minalar, İran xüsusi xidmətlərinə bağlı olan İran vətəndaşları, silahlar daşınması barədə faktları görməzdən gəlirlər. Bircə kəlmə belə, qeyd etmirlər ki, Laçın yolundan belə yüklər daşınmasına yol verilməməlidir.

Güney Qafqaza soxulmağa can atan ölkələr öz yerində, amma Rusiya hələ buradadır. Qarşıdurma davam edir. Moskvanın silahları Xankəndidəki separatçıları əlində saxlaması, onların Bakı ilə danışıqlarında gözəgörünməz tərəf olmasıdır. Moskvanın Bakıya qarşı digər silahı İrəvanın irredentist iştahları, Qarabağı Azərbaycandan qoparmaq üçün əlindəki bütün imkanlardan, geopolitik konyukturadan, başqa ölkələrin maraqlarından yararlanmaqda davam edən siyasətidir. Faktiki olaraq Azərbaycan torpağının işğalı uğrunda savaş davam edir.

- Azərbaycanlılar suveren ərazimizdə aksiya keçirirlər, humanitar məqsədlər üçün yol açıqdır, digər yandan, avroparlamentarilər Azərbaycan əleyhinə qətnaməyə səs verirlər. Bu, işğal uğrunda savaşın tərkib hissəsidir?

- Öz maraqları üçün “erməni işi”ni dəstəkləyən ölkələr, siyasi və media qrupları status-kvonu dəyişdirməyə çalışan Bakıya qarşı bu gün Moskva ilə sinxron hərəkət edirlər. Moskvanın bu işdə bəzi Avropa ölkələri və onların verdiyi imkanlardan yararlanan dünyaboyu erməni diasporu ilə anlaşmada olması şübhə doğurmamalıdır. Bu anlamda Azərbaycana qarşı böyük kampaniyanın içində olan Qərb siyasi və media dairələri Moskvanın əlinə oynadıqlarının tam fərqindədirlər. Onlar Güney Qafqazda geopolitik boşluğu Türkiyənin doldurmasındansa, ən azı Rusiyanın nəzarətində qalmasına yardım etməyə razıdırlar. Moskva ilə Ukraynada qarşı-qarşıya dursalar da, demək olar ki, burada əl-ələ tutublar.

Bu gün İrəvandakı irredentistlər, onların dəstəklədikləri Xankəndidəki separatçılar da Rusiyanın zəiflədiyini hiss edirlər. Azərbaycan və Türkiyə ilə normal qonşuluq qurmanın yaxşı variant olduğunu da anlayanlar çoxdur. Amma dünən Rusiyanın, bu gün isə Qərbin yardımı ilə qonşularına qan udduracaqlarına inananlar da çoxdur. Təsadüfi deyil ki, məsələn, Vardanyan separatçıları ruhlandırmaq üçün məhz Qərbdəki dairələrin bəyanatlarından, Avroparlamentin qətnaməsi kimi sənədlərdən istifadə edir. “Bizə yardıma gələcəklər”, “Azərbaycanı əzəcəklər” kimi illüziyalar aşılayırlar. Eynisini İrəvandakı “miatsumçular” edir. “Böyük Ermənistan” ideyasını dünyaboyu yürütməyə çalışanlar edir.

- Laçın yolundakı proseslərin sonunu necə görürsünüz?

- Azərbaycan tələsir. Bakı başqaları meydana soxulmağa macal tapmamış, zəifləməkdə olan Rusiya ilə dil tapmaqla problem həll etmək, və ya ən azı əraziyə effektiv nəzarətə yiyələnmək, Rusiya gedincə başqalarının bu ocağı alovlandırıb Azərbaycana qarşı istifadə etməsinin qarşısını ala bilmək üçün zəruri komanda nöqtələrini ələ keçirmək istəyir. Zəif Rusiyadan nələrisə qoparmaq daha asandır, nəinki meydana yeni soxulacaq qüvvələrdən. 

Bəlli qüvvələrin böyük səyləri, hibrid diplomatik və media savaşı səbəbindən beynəlxalq ictimai rəydə xeyli itkilərə məruz qalmasına rəğmən, Bakı məqsədlərinə çatmaqda israrlı görünür. Azərbaycanın ən azı yolda nəzarət-yoxlanış nöqtəsinə nail olacağı gözlənilir. Bu məsələ aksiyadan öncə gündəlikdə idi, sonra sadəcə Rusiya sülhməramlılarının nəzarət edəcəyi rentgen aparatlarına razı oldular. Amma Bakı bununla razılaşmadı. İndi Azərbaycan öz rəsmilərinin nəzarəti altında işləyəcək nəzarət-yoxlanış nöqtəsinin qoyulması uğrunda çalışır. Qərbdən gələn təzyiqlərin Bakını çəkindirdiyini düşünmək üçün əsaslar yoxdur. Avropa Parlamentinin qətnaməsi kimi sənədlər Vardanyanın Xankəndidəki erməniləri bir müddət aldatmasına yarayır.  

ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı ilə bağlı açıqlamada bir məqam diqqəti çəkir. Avropada səslənən bəyanat və qətnamələrdən fərqli olaraq, bu açıqlamada qeyd olunur ki, ABŞ Laçın dəhlizini kommersiya daşımaları üçün açmağa çağırır. Əlbəttə, hərbi yüklərin, silahların, terrorçuların daşınması istisnadır. Təbii ki, bölgənin təbii sərvətlərinin qanunsuz çıxarılması və daşınması istisna olmalıdır. Bunu isə effektiv, etibarlı nəzarət-yoxlanış məntəqəsi təmin edə bilər. Azərbaycanın hökumət rəsmilərinin birbaşa iştirak etdiyi yoxlanış məntəqəsi. Bunu tezliklə hamı qəbul etməli olacaq.

Müəllif: Anar Bayramoğlu