“Bakı Moskvanın təklifini rədd etməlidir”

Siyasət

28.09.2020 - 10:33

Zərdüşt Əlizadə: “Rusiya Qarabağa Abxaziyanın taleyini yaşatmaq istəyir”

 

Sentyabrın 23-də Moskvada Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında keçirilən görüş və bundan sonra Milli Məclisin saytında Lavrovun açıqlamasının yayılması (sonradan “korrektə” edilsə belə) ciddi müzakirələrə səbəb olub. Sonradan mətni dəyişdirilən məlumatın ilkin variantında deyilirdi ki, rəsmi Moskva işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.

 

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində deyib ki, Lavrovun təklifi Qarabağın Rusiyanın nəzarətində qalmasına, Azərbaycanın isə de-fakto Dağlıq Qarabağı itirməsinə xidmət edir: “Bu, həm də Rusiyanın Abxaziyaya yerləşməsinə bənzəyir. Rusiya gürcülərin razılığını alaraq sülhməramlılarını Abxaziyaya yerləşdirdi və belə bir təxribat təşkil etdilər ki, guya onların sülhməramlılarına hücum edilir. Bu hücumu bəhanə edib Abxaziyanı işğal elədilər və ardınca da müstəqilliyini elan etdilər. Eyni ilə Qarabağa da bu aqibəti yaşatmaq istəyirlər”.

Zərdüşt Əlizadə: “Müxalifət guruldayır, amma “yağa” bilmir”

“Rəsmi Bakı bunu qətiyyən qəbul etməməlidir və mütləq şəkildə sülh potensialından istifadə etmək və lazımsız hərbi ritorikadan əl çəkmək lazımdır. Bundan əlavə, dövlətimizi ciddi şəkildə demokratikləşdirməyə başlamalıyıq. Dövlətimiz elə bir dövlət olmalıdır ki, insanlar orada yaşamaq istəsin və qaçıb getməsinlər. Bütün bunları, ən azından Qarabağ naminə etməliyik. Hakimiyyətin kifayət qədər resursları var. İndi isə artıq vətəni düşünmək və sülh potensialından istifadə etmək lazımdır”, - Əlizadə vurğulayıb.

 

“Bizim hakimiyyət Rusiyanın mahiyyətini anlayır və Rusiyanın bölgədə yeganə güc olduğunu bilir. Türkiyə isə hələ Azərbayacana gəlməyib. Əvvəlcə onların gəlməsi, daha sonra isə tarazlanması lazımdır. Düzdür, Türkiyənin Azərbaycana gəlməsi müsbət hadisədir. Çünki türk hərbçiləri müəyyən mənada Rusiya və Ermənistanın azğınlıqlarının qarşısını ala bilərlər. Amma yenə deyirəm, hər şeyə rəğmən, burada əsas söz və məsuliyyət sahibi Azərbaycandır. Amma biz Azərbaycan dövləti, Azərbaycan xalqı kimi üzərimizə düşən vəzifəni yerinə yetirmirik və bu, bizim böyük qüsurumuz, zəif yerimizdir”, - politoloq bildirib.

Müəllif: Mərahim Nəsib