Bakı - İrəvan danışıqlarında ilk atəş

Siyasət

04.03.2024 - 10:23

Ermənistan Azərbaycanı təzyiq göstərməkdə ittiham edir, lakin...

Onu satqın adlandıranların üzünə tüpürməyi sevən Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli medianı Azərbaycan narrativlərini yaymaqdan çəkinməyə və onların Ermənistanın informasiya sahəsinə nüfuz etməsinə töhfə verməməyə çağırıb. Belə ki, Simonyan bəyan edib ki, “erməni hərbçilərinə atəş açan” ölkələr düşmən hesab olunur. O, Ermənistanın qarşılıqlı addımların tərəfdarı olduğunu və xüsusən də qarşıdan gələn görüşlər fonunda hər hansı tələb irəli sürməyi yanlış hesab etdiyini vurğulayıb.

Bu kontekstdə spiker “Azərbaycanın birbaşa danışıqlardan əvvəl və ya danışıqlar zamanı atışı başladığı keçmiş epizodları” xatırladıb. Simonyan hesab edir ki, bu yolla Bakı təzyiq göstərməyə və danışıqların nəticələrinə mümkün qədər təsir göstərməyə çalışır.

Özünü günahsız quzu kimi göstərən Simonyan fevralın 12-də erməni snayperinin şərti sərhəddə azərbaycanlı sərhədçini yaralaması ilə nəticələnən insidenti xatırlatmamağa üstünlük verir.

Azərbaycan tərəfinin quraşdırdığı müşahidə kameraları Ermənistan Silahlı Qüvvələrinin döyüş postlarından irəliləyən erməni snayperinin hərəkətlərini aydın şəkildə qeydə alıb. Atəş mövqeyini tutan snayper Azərbaycan sərhədçilərinə atəş açıb, sonra isə posta geri qayıdıb. Snayperin hərəkətlərinin mahiyyəti onu göstərir ki, bu təxribat əvvəlcədən hazırlanıb və qəsdən edilib.

Bu təxribat Bakını “aqressiv hərəkətlərdə” ittiham etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşinə səbəb olub. Bakıdan sərt cavab alan, təxribatın Ermənistan tərəfindən törədildiyini əks etdirən videogörüntülər qarşısında qalan Paşinyan Azərbaycana təzyiq göstərmək üçün Münhen Təhlükəsizlik Konfransında Qərbin dəstəyini ala bilməyib.

Münhen Konfransı çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsi qərara alınıb. Tərəflər, həmçinin delimitasiya komissiyasının növbəti iclasının keçirilməsini təsdiqləyib və 2023-cü ilin dekabrında əldə edilmiş kompromisləri müsbət qiymətləndiriblər, nəticədə Azərbaycanın BMT-nin COP-29 iqlim konfransına ev sahibliyi edəcəyi bildirilir.

Eyni zamanda, dövlətimizin başçısı hər zaman səsləndirdiyi eyni mövqeyi səsləndirdi - Azərbaycan Bakı ilə İrəvan arasında ikitərəfli təmasları prioritet hesab edərək, regionda sülhün tərəfdarıdır.

Bununla belə, Paşinyanın davranışı hələ də onu deməyə əsas verir ki, o, vaxta oynayır və məhsuldar danışıqlar aparmaq istəmir. Belə ki, bir neçə gün sonra Fransada səfərdə olarkən Paşinyan “France 24” telekanalına səs-küylü müsahibə verib və orada Rusiyaya qarşı təxribat xarakterli bəyanatlar səsləndirib və növbəti dəfə Azərbaycanı “müharibə və təcavüzə” hazırlaşmaqda ittiham edib.

Bu müsahibədə Paşinyan ilk dəfə açıq şəkildə bəyan edib ki, Ermənistan KTMT-də iştirakını bu blokun Azərbaycanla münaqişədə “Ermənistana qarşı təhlükəsizlik çağırışlarına lazımi cavab vermədiyinə” görə dondurub. O, həmçinin Moskvanı İrəvanda hökuməti devirməyə cəhddə günahlandırıb və Rusiya təhlükəsizlik qüvvələrinin səfərbərlikdən qaçmış çağırışçı Dmitri Setrakovu Ermənistanda tutaraq Rusiya Federasiyasına aparmasının “nəticələri” ilə Rusiyanı hədələməyə başlayıb.

Azərbaycanla bağlı Paşinyan guya “Bakının Ermənistana hücuma hazırlaşdığını” deyib, eyni zamanda qeyd edib ki, “Qərbi Azərbaycan”la bağlı rəsmi açıqlamalar rəsmi Bakının Ermənistan ərazisinin böyük hissəsinin Azərbaycan ərazisi hesab etdiyi anlamına gəlir.

“...Biz tez-tez Qərbi Azərbaycanla bağlı bəyanatlar eşidirik – bu bəyanatlar həqiqətən də nəsə məna kəsb edir. Haqqında danışdıqları və nəzərdə tutduqları bu Qərbi Azərbaycan əslində Ermənistandır. Bu, o deməkdir ki, Ermənistan Respublikasının böyük hissəsinin Qərbi Azərbaycan olduğunu deyirlər”, - deyən Baş nazir qeyd edib ki, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri Azərbaycan tərəfindən tanınmazsa, Bakı ilə sülhün bağlanması mümkün deyil.

Paşinyan İlham Əliyevin sözlərinə inanmadığını da bildirib: “İnanıram ki, münasibətlərimizin tarixi artıq dərin inamsızlıq üçün əsasdır. Və Azərbaycanın liderindən və məndən soruşmağın mənası yoxdur ki, biz bir-birimizə güvənirik, ya yox. Aydındır ki, yox”.

Bu müsahibənin ertəsi günü Ermənistan ordusu Kəlbəcər rayonunun Yellicə kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Lakin vəziyyətin gərginləşməsinin qarşısını almaq və iki ölkənin şərti sərhədində sabitliyi təmin etmək məqsədilə Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görməyib. Bakı Ermənistanın hərbi rəhbərliyini ağlını başına yığmağa və regionda sabitliyin qorunması naminə bu cür təxribatlara yol verməməyə çağırmaqla kifayətlənib.

Lakin Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatları davam edib. Belə ki, fevralın 24-də saat 21:40-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsi istiqamətində Azərbaycan ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub.

Gördüyümüz kimi, Ermənistan rəhbərliyi Azərbaycanla konstruktiv danışıqlar aparmaq və tezliklə sülhə nail olmaq əvəzinə, hərbi təxribatlar törətməkdə davam edir. Lakin eyni zamanda onlar Bakını İrəvana “təzyiq göstərməkdə” ittiham edir.

Müəllif: Asif Aydınlı