Azərbaycan millisi 5-ci pillədəki yerini qoruyub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AYNA-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupundakı 3-cü sınağında Finlandiya ilə üz-üzə gəlib.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 75-ci dəqiqədə qonaqların futbolçusu Daniel Hokans vurub. 66-cı dəqiqədə finlandiyalıların heyətində Terri Ablade ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 87-ci dəqiqədə isə hesab bərabərləşib. Rauf Hüseynli tarazlığı bərpa edib.
Bu nəticədən sonra ilk xalını qazanan Azərbaycan millisi 5-ci pillədəki yerini qoruyub. Xallarını 4-ə çatdıran Finlandiya seçməsi isə 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi 3:2 hesabı ilə məğlub edib. Estoniya - Avstriya görüşündə isə 2-ci hissə oynanılır.