Azərbaycanda vəhşi heyvan yetişdirib, sonra öldürəcəklər – <font color=red> Vəhşi əyləncə</font>

Cəmiyyət

31.01.2021 - 20:35

Ekspertlər yeni təşəbbüsün əleyhinədirlər: “Heyvanlar və quşlar yemək üçün deyil, zərurət naminə deyil, özünümüdafiə məqsədilə deyil, sadist bir hiss üçün öldürülür”

 

Azərbaycanda ovçuluq təsərrüfatları icazəli ov üçün vəhşi heyvanlar yetişdirməyə hazırlaşır. Bunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Biomüxtəlifliyin Mühafizəsi Xidmətinin rəisi Firudin Əliyev “Ekspert saatı” onlayn brifinqdə deyib.

 

Onun sözlərinə görə, ilk belə layihə artıq başlayıb və bunun çərçivəsində sahibkarlarla əməkdaşlıq qurulacaq. Qurum rəsmisi, müxtəlif növlərin süni yetişdirilməsinin yalnız heyvan populyasiyasının genişlənməsinə deyil, həm də yeni bir müasir istirahət növünün inkişafına kömək etdiyini qeyd edib.

 

Cəmiyyətdə və mütəxəssislər arasında belə bir layihəyə münasibət birmənalı deyil. Heyvanların Qorunması İctimai Birliyinin rəhbəri Azər Qarayevin AYNA-ya dediyinə görə, təşkilatın mövqeyi dəyişməz və birmənalıdır - vəhşi heyvanları qənimət ovu üçün qeyri-azad şəraitdə yetişdirmək, ekoloji etika baxımından mənəviyyatsızlıq və ekologiya baxımından cinayətdir: “Bu, Azərbaycanın onsuz da, ən azı 30 illik işğal nəticəsində ciddi yaralanan ətraf mühitinə ziyan vurmaq üçün bir şirmadır. Vəhşi heyvanların ovlanması üçün onların süni şəkildə yetişdirilməsi kimi addımlar atan dövlət rəsmiləri təbiətə qarşı etik olmayan bir münasibət nümayiş etdirirlər”.

 

Heyvanların ovlanması üzərində nəzarət yoxdur və ola biləcəyi ehtimalı da azdır. İndi, heyvan hüquqları müdafiəçisinin dediyi kimi, ovçu üç heyvanı vurmaq üçün rəsmi lisenziya alır, amma meşəbəyinə rüşvət verərək, 33 heyvan ovlayır. Əsas odur ki, ovçu qanuni olaraq ov ərazisinə girib, buna görə də Azərbaycanda ovçu ilə brakonyer arasındakı həddin silindiyini söyləyirik.

 

“Biomüxtəliflik heç bir kənar müdaxilə tələb etmir, rahat buraxsanız, özü özünü bərpa edəcək. Ölkədə quşların vurulmasına təcili iqtisadi ehtiyac olduğunu kim mənə sübut edəcək? Allaha şükür ki, belə deyil. Ovların böyük əksəriyyətində heyvanlar və quşlar yemək üçün deyil, zərurət naminə deyil, özünümüdafiə məqsədilə deyil, sadist bir hiss - öldürməkdən ləzzət almaq üçün öldürülür”, - Qarayev bildirib.

 

“Nədənsə, çoxları bir kişinin mütləq ov etməsi lazım olduğuna inanır, amma bu, 21-ci əsrə çatmış bir orta əsr anlayışıdır. Çoxdan bəri ovçuluq üçün bir moratorium tətbiqinin zəruriliyindən danışırıq, amma bizi eşidən yoxdur. Ölkədə oktyabr ayında ovçuluq üçün elan edilən moratorium yalnız yanvar ayının sonuna qədər davam edir. Birincisi, bu, çox qısa bir müddətdir, ikincisi, moratoriumun Qarabağdakı müharibə ilə niyə əlaqəli olduğu aydın deyil, üçüncüsü, ovçulardan odlu silahları toplamadan kim moratorium elan edir? Qeydiyyata alındıqdan sonra silah saxlama üçün götürülür, bununla əlaqədar sahibinə müvafiq sənəd verilməlidir. 20 min ovçumuz var və silahlarının müvəqqəti saxlanmasını təmin etmək olardı”, - deyə ekspert vurğulayıb.

 

“Həyəcan” İctimai Birliyinin sədri, IUCN-in qorunan ərazilərin müdafiəsi və növlərin bərpası üzrə beynəlxalq komissiyasının üzvü Əliheydər Məmmədov ovçuluğa qarşı olmasa da, eyni zamanda ETSN-in təşəbbüsünü dəstəkləmir. “Biz Qərbin hərəkətlərini kopyalayırıq, amma hər zaman orada olanlar Azərbaycanda aktual deyil. Məsələn, Avropada canavar azdır və onların qorunması təbii bir şeydir, ölkəmizdə isə bu heyvanların sayı xeyli artıb. Fermerlər əziyyət çəkir, canavarlar təsərrüfat heyvanlarına tez-tez hücum edirlər, amma bizdə canavar vurmaq qadağandır”, - o, AYNA-ya deyib.

 

Mütəxəssisin sözlərinə görə, əslində, belə ovun məqsədi heyvan və quşların sayını tənzimləməkdir: “Ölkəmizdə isə bunu bir biznesə çeviriblər. Konkret ovçuluq üçün heyvan yetişdirmək müqaviləli öldürmədir, canlı bir hədəfdir. Bu vəziyyətdə ovçudan xüsusi bir peşəkarlıq tələb olunmur. Həqiqi bir ovda ovçunu hiss edən və ondan qaça, qoruna bilən ən ağıllı, çevik heyvanlar sağ qalır. Süni şəraitdə böyüdülən heyvanlar isə vəhşi həyatda yaşamağa uyğunlaşmayacaqlar, orada onları nə gözlədiyini bilmirlər”.

Müəllif: Elya Belskaya