Azərbaycanda ali təhsilin 4 səviyyəsi müəyyən edilir

Xəbərlər

29.10.2021 - 12:58

Bu, “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb

Azərbaycanda ali təhsilin 4 səviyyəsi müəyyən edilir. AYNA xəbər verir ki, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış İşçi Qrupunun tərəfindən hazırlanmış və İşçi Qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı təhsil və peşə yönlü olmaqla ali təhsilin aşağıdakı səviyyələrini müəyyən edir:

- qısamüddətli ali təhsil (qısa dövr) və ya onun ekvivalenti (120 kredit) - bakalavriat səviyyəsinin ilkin dövrünü təşkil edir və “subbakalavr” ali peşə-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. Qısa dövr üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur;

- birinci səviyyə - ali təhsilin bakalavriat səviyyəsi (180-240 kredit) və ya onun ekvivalenti (maksimum 360 kredit) əsas (baza ali) tibb təhsili – “bakalavr” və ya “həkim” ali peşə-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. Birinci səviyyə üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinin öyrənmə nəticələrinə uyğundur;

- ikinci səviyyə - ali təhsilin magistratura (rezindetura) səviyyəsi və ya onun ekvivalenti (60-120 kredit) - “magistr” ali elmi-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. İkinci səviyyə üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 7-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur;

- üçüncü səviyyə - ali təhsilin doktorantura (adyunktura) səviyyəsi (180-240 kredit) - doktorluq dissertasiyasının (layihənin) müdafiəsi əsasında “fəlsəfə doktoru” (müvafiq elm sahəsi üzrə) elmi dərəcənin verilməsi ilə nəticələnir. Üçüncü səviyyə üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 8-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur.

Müəllif: Ayna.az