Azərbaycan Tibb Universitetini bu il 1231 nəfər bitirib

Xəbərlər

30.06.2022 - 23:48

Tələbələrin məzun günü keçirilib: nazir tədbirə qatılıb

İyunun 30-da Azərbaycan Tibb Universitetini bitirən tələbələrin (ATU) məzun günü keçirilib.

AYNA xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sahəsinə həmişə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edib. Səhiyyə sahəsinin inkişafını ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan nazir deyib: “Ümummilli lider Heydər Əliyev əhalinin sağlamlığının qorunmasını prioritet məsələlərdən biri hesab edirdi. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın sosial-mədəni həyatını hər zaman diqqətdə saxlayır. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın tibb təhsilinin inkişafına göstərdiyi diqqət və qayğısı da xüsusi qeyd edilməlidir”.

Nazirin sözlərinə görə, son illərdə ATU-nun xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə beynəlxalq əlaqələri genişlənməkdədir. Diqqətə çatdırılıb ki, görülmüş işlər nəticəsində Azərbaycan səhiyyəsi tarixində ilk dəfə olaraq ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan keçib.

Çıxışının sonunda səhiyyə naziri məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, bu il universiteti 1231 nəfər bitirib.

44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, həkimlərin fəaliyyətindən söz açan rektor haqq savaşımızda Azərbaycan Tibb Universitetinin 18 məzununun şəhid olduğunu diqqətə çatdırıb. Rektor şəhidlərə Allahdan rəhmət qazilərə cansağlığı, məzunlara gələcək fəaliyyətində həkim andına sadiq qalmağı, ATU-nun adını uca tutmağı arzulayıb.

Sonra ATU-nu fərqlənmə diplomu ilə bitirənlər, o cümlədən universitetin ictimai həyatında fəal iştirak edənlər təltif olunublar.

 

Hərbi tibb fakültəsinin məzunu "Həkim andı"nı oxuyub və fakültə məzunlarının paradı olub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə