“Azərbaycan regiondakı sülh gündəliyini dəstəkləməyə davam edir”

Aktual

18.09.2024 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Hikmət Hacıyev: "Ermənistanın militarizasiya prosesindəki dövlətlər məsuliyyətlərini anlamalıdırlar"

"Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır". AYNA "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycanın siyasəti nəticəsində regionda yeni geosiyasi vəziyyət və status-kvo yaranıb: "Bu yeni status-kvo legitimliyə, qanunun aliliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanır. Azərbaycanın yaratdığı bu status-kvo Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalına son qoyulması və regionun tam şəkildə transformasiya edilərək qurulan bir prosesdir. Bu gündəliyi dəstəkləmək əvəzinə, regionda yenə geosiyasi intriqalara əsaslanan siyasət yeriməyə çalışan regiondan kənar qüvvələr var. Bu xüsusda Ermənistan militarizasiya siyasəti aparır".

H.Hacıyev vurğulayıb ki, burada təkcə Fransa yox, digər başqa dövlətlər də yer alır: "Bunlar tamamilə əks təsir effektinə malik olacaq addımlardır. Azərbaycan hər vəchlə regiondakı sülh gündəliyini dəstəkləməyə davam edir. Biz o mövqeyimizdə qalırıq ki, Ermənistan işğalçı, təcavüzkar dövlət olub. Regionda etimad mühitinin tam şəkildə yaranması üçün Ermənistanın militarizasiya siyasəti üzərində müəyyən bir verifikasiya mexanizmi olmalıdır. Ermənistanın militarizasiya prosesində iştirak edən dövlətlər məsuliyyətlərini anlamalıdırlar".

Müəllif: Ayna.az