Azərbaycan həqiqətlərinin “məziyyətləri”

Cəmiyyət

26.02.2020 - 23:01

Və ya jurnalistikadan uzaq bir insanın şüurlu şəkildə işini siyasiləşdirməyə cəhdi

 

 

 

Təəccüblüdür, ilk baxışda Qərb dəyərlərinin qızğın tərəfdarları İran üçün işləməkdə ittiham olunanı dəstəkləmək üçün çıxış edirlər. Burada əyninə tuman geyinən və ya boynuna xaç asan adam arasında seçim etmək lazım olduğuna dair bir məşhur lətifə yada düşür. Obrazlı desək, mən şəxsən homoseksualın gey evliliyinə qarşı çıxacaq bir vəziyyətini təsəvvür edə bilmirəm. Lakin Azərbaycan həqiqətləri yerli "məziyyətləri" ilə həmişə şaşırdır.

 

Söhbət 2019-cu ilin iyununda casusluqda şübhəli bilinərək saxlanılan Polad Aslanovun işindən gedir. Ötən il dekabrın 24-də ona ölüm təhlükəsi və ya sağlamlığa ciddi zərər vurma ittihamı irəli sürüldü və dekabrın 28-də ibtidai istintaqın başa çatdığı elan edildi. Bu ilin 11 fevralında zərərçəkmiş Polad Aslanova qarşı şikayətini geri götürdü. Eyni zamanda, Polad Aslanovun həyat yoldaşı, zərərçəkmişin iddiasını geri çəkməsini məhkəməni bağlı qapı arxasında davam etdirmək üçün istintaqın taktiki hiyləsini dəstəkləmək üçün etdiyini bildirdi.

 

Amma çox maraqlıdır ki, Aslanovun işində növbəti məhkəmə prosesi fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirildi. Proses açıq idi, jurnalistlər və hüquq müdafiəçiləri də orada iştirak edirdi. Bu da öz növbəsində P.Aslanovun həyat yoldaşının iddialarının əsassız olduğunu göstərir. Davam edək...

Məhkəmədə Aslanovun ifadəsi dinlənildi. Xatırladım ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, "o, Azərbaycandan kənarda xarici xüsusi xidmət orqanları ilə gizli görüşlər keçirmiş, vəsait alınmasına dair çeklər imzalamış və müntəzəm nağd ödəmələr şərti ilə gizli əməkdaşlığa cəlb olunmuşdur". P.Aslanovun özü dövlətə xəyanət ittihamını rədd etdi və həyat yoldaşı ərinin həbsini peşə fəaliyyəti ilə əlaqələndirdi.

 

Ancaq burada, yumşaq desək, hər şey bir qədər qəribə görünür. Axı, Aslanovun özü həbsinin əsl səbəbinin təhlükəsizlik orqanlarının turizm agentliklərindən aldıqları rüşvətin yayımlanması olduğunu söylədi. Onun sözlərinə görə, əvvəllər, 2015-ci ildə təhlükəsizlik qüvvələri onu əməkdaşlığa cəlb etmək istəyib. "Mən imtina etdikdə, təzyiq göstərdilər", – deyə o bildirmişdi.

 

Buna baxmayaraq, bir neçə il də işlədi. Aydındır ki, “təhlükəsizlik qüvvələri təzyiq göstərəndə” medianın bağlanması və ya tənqidi materiallardan təmizlənməsi məsələsini tez bir zamanda həll edə bilirlər. Bunlar bizim gerçəklərdir və bunu inkar etmək sadəcə mümkün deyil.

 

Yeri gəlmişkən, gerçəkliklərimizdən danışaq. Həmin iclasın nəticəsini şərh edən vəkil Kamran Musayev "jurnalist bütün ittihamları rədd edir və jurnalistlik fəaliyyətinə görə təqib olunduğuna inanır", - deyə bildirib. Vəkil ardınca əlavə edib ki, “müdafiə Polad Aslanovun hüquqlarını təmin etmək üçün addımlarını davam etdirəcək”.

 

Və burada “Polad Aslanov niyə jurnalist olarmış ki?” sualı öz-özünə doğdu. Bəli, o, onlayn saytlar olan xeberman.com və press-az.com-un baş redaktoru idi. Ancaq P.Aslanovu jurnalist hesab etmək üçün bu, sanballı əsasdırmı? Fikrimcə, xeyr, çünki hal-hazırda heç bir qeydiyyatdan keçmədən asanca bir sayt aça və jurnalistikadan uzaq məqsədlər üçün istifadə edə bilərsiniz. Konkret misal çəkə bilərəm.

 

Mahmud Tağıyev adlı bir insan var. Peşəmizə kölgə salan bir reket kimi əməllicə şöhrət qazanmışdı. M.Tağıyev jurnalistika oxuduğu üçün deyil, peşəmizi varlı və məşhur insanların şantajı yolu ilə varlanmaq üçün yaxşı fürsət hesab etdiyinə görə aramıza girmişdi. O, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən “Qafqaz” xəbər agentliyini (qafqaznews.az saytı) qurdu. Böhtan xarakterli materiallar dərc edir və bu materialların saytdan götürülməsi üçün pul alırdı.

 

Bu, absurd nöqtəyə gəldi. Növbəti dəfə uşaqlıqda onu döyən adam haqqında yalandolu mətnlər yayımladı. Demə, həmin adamın Baş Dövlət Yol Polis İdarəsində işlədiyini bildikdən sonra M.Tağıyev onunla hesablaşmaq qərarına gəlibmiş. İntiqam obyektinin hansı mövqedə olduğunu başa düşməyərək, əsassız olaraq korrupsiyada ittiham etmişdi. M.Tağıyev "redaksiyanın ehtiyacları üçün" lazım olan noutbukların alınması qarşılığında materialı saytdan çıxarmağa hazır idi.

 

Mən çox yaxşı xatırlayıram ki, şəxsən bu məsələ ilə bağlı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova da müraciət olunmuşdu. O, “Qafqaz” xəbər agentliyinin çoxdan reket redaksiyalar siyahısında olduğunu etiraf edərək, faktiki olaraq heç kəsi M.Tağıyevin hiylələrindən qoruya bilmədiyini etiraf etmişdi. Lakin atalar demiş "yalan ayaq tutar, yeriməz". Mahmudun da fironluğu uzun sürmədi. Bu, Mahmudun özünə növbəti qurban kimi seçdiyi sahibkarlara "xərac" kəsmək qərarından sonra baş verdi.

Əkbər Həsənov