35 müəssisə və 10 fiziki şəxs sanksiyalara məruz qalıb
Avstraliya Rusiyanın müdafiə, texnologiya və enerji sektorlarında fəaliyyət göstərən 35 təşkilata və 10 şəxsə, o cümlədən Rusiya nazirləri və yüksək rütbəli məmurlarına, həmçinin Belarusdakı yüksək rütbəli hərbçilərə qarşı sanksiyalar tətbiq edib.
AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tətbiq edilən sanksiyalar Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən hüquqi və fiziki şəxslərə qarşı yönəlib.
O şirkətlər və şəxslər aşağıdakılardır:
Rusiya Silahlı Qüvvələri üçün qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlar tədarük edən Rusiya şirkətləri;
Atom enerjisi və Arktika ehtiyatlarının çıxarılması ilə məşğul olan Rusiya şirkətləri;
Rusiya Federasiyası Baş nazirinin birinci müavini Belousov və Baş nazirin müavini Çernışenko;
Rusiyanın ən böyük hərbi helikopter istehsalçısı və baş direktoru da daxil olmaqla, Rusiyanın ən böyük müdafiə müəssisələri;
Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən yüksək rütbəli Belarus hərbçiləri.
Qeyd edək ki, Avstraliya artıq Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən 1100-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, “Rosatom”un törəmə şirkətlərinə, həmçinin “Rosneft”, “Severstal” şirkətlərinə və Rusiyanın ən böyük qızıl hasilatı şirkəti “Polyus”a qarşı sanksiyalar tətbiq olunub.