Mərasimdə istiqlal şairinin şeirlər kitabının təqdimatı olub
Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın istiqlal şairi, dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın adına küçənin açılışı olub.
AYNA xəbər verir ki, küçəyə Əhməd Cavadın adının verilməsi şairimizin anadan olmasının 130 illiyi ilə bağlı qardaş ölkədə keçirilən tədbirlər çərçivəsində xalqımızın böyük oğlunun adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilib.
Bu münasibətlə Əhməd Cavad küçəsinin açılışından sonra Ankaranın Etimesgut rayonunda şairin şeirlər kitabının təqdimatı olub, həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilib.
Etimesgut rayon bələdiyyəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi və Türk Tarix Muzeyi və Parkı tərəfindən birgə təşkil olunan tədbirlərdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.