Etirazçılar ölkədə abortla bağlı sərt qanunların tətbiqinə icazə verilməməsini tələb ediblər
Minlərlə Amerikalı qadın siyasətçilərin və cəmiyyətin diqqətini bərabərsizlik problemlərinə çəkmək üçün Qadınlar Yürüşündə iştirak etmək üçün Vaşinqton küçələrinə çıxıb. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.
Bildirilir ki, nümayişçilər Ağ Evin yaxınlığındakı Azadlıq Meydanında mitinq keçirərək ABŞ Ali Məhkəməsinin binasına doğru yürüş ediblər. Təşkilatçıların bildirdiyinə görə, ölkə üzrə ümumilikdə 600-ə yaxın aksiya keçirilib.
Mitinq iştirakçıları əllərində üzərinə “Mən inkubator deyiləm, qadınam", "Bədənim mənim seçimimdir" kimi şüarlar yazılan plakatlar tutublar.
Etirazçılar ölkədə abortla bağlı sərt qanunların tətbiqinə icazə verilməməsini tələb ediblər və sentyabrın əvvəlində Texasda qüvvəyə minən qanuna qarşı çıxıblar.
Qeyd edək ki, Texas ştatında dövlət hamiləliyin altı həftəsindən sonra aborta qadağa qoyub. Yalnız təcavüz nəticəsində yaranan hamiləliyə son qoyulmasına icazə verilib. Bundan əlavə, qanun hər kəsə qaydaları pozanları məhkəməyə verməyə icazə verir. Sözügedən qanunun ABŞ-ın bütün ştatlarını əhatə edəcəyi haqqında məlumatlar var.