“Ağdamdakı türk hərbçiləri ciddi kəşfiyyat işləri aparırlar” – TÜRK ALBAY

Aktual

09.12.2021 - 10:17

Murad Koç: “Rusiya özünü Çin təhlükəsindən qorumaq üçün Türk Dövlətləri Təşkilatını xilas qapısı kimi görür”

Türkiyə Silahlı Qüvvələrində 24 il xidmət etmiş, hazırda ehtiyyatda olan albay (polkovnik), eyni zamanda, hərbi akademiyada müəllim işləyən dosent Murad Koç Azərbaycana səfəri çərçivəsində AYNA-nın qonağı olub. Türk albay əməkdaşımızla söhbətində öncə ölkəmizə səfərinin səbəbindən danışıb, daha sonra gündəmlə bağlı bir neçə sualımızı cavablandırıb.

Türkiyə Silahlı Qüvvələrinin Adana bölgəsi üzrə komandanı olmuş M.Koç hazırda təqaüddədir və Silahlı Qüvvələr Akademiyasında təşkilatlararası biznesin idarə edilməsi istiqamətində və beynəlxalq təhlükəsizlik, terrorizmlə mübarizə sahəsində mühazirələr oxuyur. Xüsusilə, Ağdəniz, Qafqaz və Orta Şərq bölgəsindəki terror təşkilatları ilə mübarizə sahəsində araşdırmalar aparır. Albay uzun illər Türkiyə daxilində və xarici ölkələrdə hərbi məktəblərdə müəllimlik edib. İngiltərə və Almaniyada hərbi dərslər keçib.

M.Koç karyerasının ən önəmli hissəsini 21 il əvvəl Azərbaycanda xidmət etməsini sayır. O, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qala Tədris Mərkəzində Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. İkinci Qarabağ müharibəsində Azərbaycana parlaq qələbə yaşadan hərbçilərin yetişdirilməsində payı var.

Albayın indi Azərbaycana gəlişi Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi "Karyera və İnkişaf Forumu"nda iştirakla əlaqəlidir. Foruma bir sıra xarici ölkələrdən nümayəndələr gəlib ki, Türkiyəni burada Murad Koç təmsil edir. Beləliklə:

- Murad bəy, bu günlərdə Azərbaycan-Türkiyə Birgə Universitetinin yaradılması qərarlaşdırıldı. Bu məqam iki ölkənin insanlarına, elminə, təhsilinə nə kimi töhfə verəcək?

- Belə bir universitetin yaradılması İkinci Qarabağ müharibəsində iki qardaş ölkənin ortaya qoyduğu birlik, iradə qədər önəmlidir. Çünki Şərqdən Qərbə doğru gedərkən Qarabağ boşluğu 500 milyonluq Türk Dünyası üçün xəritənin əksik parçası idi. Əksik parçanın yerinin doldurulması, Qarabağın işğaldan azad olunması fonunda belə bir universitetin yaradılması son dərəcə vacib amildir. Orta Asiyadan Kosovaya qədər uzanan türk cəmiyyətləri və dövlətlərinin ən böyük çatışmazlığı bir-birindən məlumatsızlığı və texnoloji, iqtisadi zəifliyidir. Biz hələ də xaricə bağlı iqtisadiyyat içərisindəyik. Türk dünyasına bağlı istehsala məcburuq. Bunun üçün mütləq təməl təhsil və onun üzərində olan ali təhsil lazımdır. Yaradıcı, innovativ, eyni zamanda, texnoloji sahədə istehsalı Türkiyə və Azərbaycan birlikdə bacara bilər. Təbii ki, burada enerji layihələri önəmli yer tutur. Hesab edirəm ki, yeni yaradılacaq universitet daha çox enerji siyasəti sahəsində kadrların hazırlanmasına köklənməlidir. Nobel mükafatçımız Əziz Səncər bəy də düşüncələrini bu istiqamətdə ortaya qoydu. Dünyanın imtina edə bilməyəcəyi enerjinin ən yaxşı şəkildə istehsalı əsas məsələdir. Hesab edirəm ki, bu universitet sadəcə Azərbaycan və Türkiyə üçün yox, Türk Dünyası, Türk Dövlətləri Təşkilatı üçün də mühüm rol oynayacaq.

- Hörmətli Əziz Səncərin diqqətçəkən açıqlamasından biri də bu idi ki, "İkinci Qarabağ müharibəsi Türkiyənin Qurtuluş savaşından sonra Türk Dünyasının ikinci ən böyük qələbəsidir". Bir hərbçi kimi necə düşünürsünüz, Qarabağ zəfərinin önəmi və kənardan baxdıqda çatışmayan cəhətləri nələrdir?

- Beynəlxalq təhlükəsizliklə bağlı paradiqma var. Bu paradiqma üç əsas detal üzərində qurulur: Birincisi, güclü olan tərəf diplomatiya ilə vaxt keçirməz, yumruğunu masaya vurar və alacağını alar. Qarabağ probleminin diplomatik yolla həllinə çalışdığını iddia edən ATƏT-in Minsk Qrupu 30 il müddətində  baş aldatmaqla məşğul oldu. Nə zaman ki, güclü hərbi əl ortaya qoyuldu, bu paradiqma dəyişdi. Güc boşluğu yaranmışdı. Azərbaycan və Türkiyə, xüsusilə də, Azərbaycan güc boşluğunu zaman baxımından çox yaxşı gördü. Azərbaycanın gücü ilə bu boşluq dolduruldu. Bundan sonra məsələlər sözügedən paradiqma üzərindən həll ediləcək. Bu paradiqma içərisində 4 parametr var. Bunlardan biri iki ölkənin addımlarının tamamilə uzlaşdırılmasıdır. Baxın, bir detalı qeyd edim: mən Adanadan Bakıya Adana-Bakı reysi ilə gəlmədim, Adana-İzmir-Bakı reysi ilə gəldim. Niyə? Çünki təyyarənin sərnişinlərinin yarısından çoxu "SOCAR Türkiye"nin İzmirdə işləyən əməkdaşlarından ibarətdir. Demək ki, boru xətti İzmirə qədər gedir. Birinci parametr budur - uzlaşma var. İkinci - daha önəmli parametr odur ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər bölgədəki digər ölkələrin də bu münasibətlərə isti yanaşmasına zəmin yaratdı. Müharibə zamanı bizi arxadan vurmağa çalışan İranın yerinə indi daha yumşaq bəyanatlar verən, əməkdaşlıqda maraqlı olduğunu göstərən İran peyda oldu. Birinci paradiqma olmasaydı, güc olmasaydı, İran Azərbaycan-Türkiyə siyasətinə yaxınlaşmayacaqdı.

Önəmli məsələlərdən biri də odur ki, önümüzdəki müddətdə Türkiyə Avrasiya geopolitikasında siyasətini Azərbaycanla paylaşacaq. Baxın, dünyada üç enerji təməl nöqtəsi var. Bunlardan biri Rusiya, ikincisi Xəzər bölgəsi, üçüncüsü Ağdəniz coğrafiyasıdır. Bu üçünün birləşdiyi məkan Anadolu coğrafiyasıdır. Bundan sonra enerji ilə yanaşı, bizə aid mədəniyyət, idarəçilər, biznesmenlər də Qərbə doğru gedəcəklər. Avropa miqrasiya siyasətində bizi uzaqlaşdırmaq yox, dəvət etmək var. Avropa suriyalıların, əfqanların miqrasiyasına qarşıdır, təhsilli, savadlı miqrantlara qarşı deyil. Bununla biz türklər inkişafa doğru irəliləyəcəyik ki, bu, paradiqmamızın üçüncü parametridir.

Amma bu paradiqmada iki detalı xüsusi qeyd etmək istəyirəm: birincisi, ABŞ-Fransa münasibətləri, ikincisi, İranın Rusiya və Ermənistanla münasibətləri. Gücümüz nə zaman azalarsa, birincilər diplomatik, ikincilər hərbi baxımdan dövrəyə girəcək. İranın hərəkətləri baxımından deyə bilərəm ki, Azərbaycan və Türkiyəyə qarşı İran assimmetrik gücü meydanda mütləq göstərəcək. Bunu arzu etməzdim, amma tarixə baxanda İranın bunu Türkiyəyə qarşı etdiyi görünür. PKK terror təşkilatının kamplarını bizə qarşı istifadə etdilər və Van-Hakkari xəttində biz çoxlu şəhid verdik. Qarşıdakı müddətdə təxmin edirəm ki, İran Ermənistanı manipulyasiya edərək, ermənilərdən istifadə ilə meydanda terror törədəcək. Bu ehtimal çox yüksəkdir. İkincisi, ABŞ ilə Fransa arasında qurulan bir xətt var. Bu münasibətlər xəttinin bir ucunda Ermənistan, bir ucunda Yunanıstan dayanır. Yunanıstanda ABŞ özü üçün qalxan yaratdı. Təsəvvür edin, 656 ədəd zirehli avtomobil, 35 milyard dollarlıq hərbi investisiya və hərəkətli kəşfiyyat bölmələrindən ibarət qalxan yaratdı.

- Bu, Türkiyəyə qarşıdır?

- Deyirlər ki, Rusiyaya qarşıdır. Amma bu qalxan Türkiyə yaxınlığındadır. Ədirnədən baxanda amerikalı hərbçiləri görürük. Eyni qalxanı Anadolunun digər ucunda - Ermənistanda yaratmaq istəyirlər. Bir boşluq olarsa, ABŞ Ermənistanla başqa münasibətlər adı ilə Yunanıstanda yaratdığı qalxanı yaradacaq. Təbii, Rusiya bunları hesablayır. Ona görə də Moskva Ermənistan Baş naziri Nikol Paşinyanı özbaşına buraxmamaq üçün əzmlə işləyir. Baxın, müharibədə məğlub olmuş bir dövlətin başçısı hələ də kreslosunda oturub. Bu, Rusiyanın oynada biləcəyi, ABŞ və Fransaya qarşı istifadə edəcəyi bir aktyordur. Amma nə zaman ABŞ, Fransa və Rusiya eyni mövqedə olarsa, o zaman bizim üçün diplomatik vəziyyətin dəyişəcəyi ehtimalı var. Bunun üçün meydanda davamlı güclülük, diplomatiyada önləyici olmağımız lazımdır. Son dövrdə bu sahədə boşluqlarımız yaranır. Məsələn, Rusiyanın Qarabağdakı hərəkətlərinə baxaq. İki minə yaxın hərbi heyətinin sayını üç minə qaldırdığını görürük. Xocalı, Xankəndi tərəfdə park salır, heykəllər qoyur, xəstəxanalar tikir, yeni-yeni hərbi kazarmalar inşa edirlər. 25 min nəfərlik hərbi kazarmalar tikirlər. Adama sual verərlər: “xeyirdirmi?!”.

- Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi var, amma biz bu qurumun aktiv fəaliyyətini müşahidə edə bilmirik. Siz müşahidə edirsinizmi?

- Xeyr. Amma bəzi fəaliyyətlər var ki, bu fəaliyyətlər əslində görünməməlidir. Bu fəaliyyətin başında da kəşfiyyat xidmətləri gəlir. Bu məsələdə yüksək fəaliyyətin olduğunu bilirəm. Müxtəlif işlər var ki, onları açıqlamaq olmaz. Amma yüksək səviyyədə ərazi müşahidə edilir. Sadəcə qurudan deyil, havadan da kəşfiyyatın müxtəlif növlərindən istifadə edilir. Düzdür, Türkiyənin Qarabağda fəaliyyəti görünməyə bilər, amma fəaliyyət göstərdiyi dəqiqdir. Türkiyənin Milli Müdafiə Nazirliyinin ən yüksək səviyyəli hərbçiləri fəaliyyətdədirlər. Müharibədən sonra Türkiyə və Azərbaycan hərbçilərinin 7 dəfə böyük hərbi təlimi keçirilib. O təlimlərdə fəaliyyətin uzlaşdırıldığı məqamlardan məlumatlıyıq. Terrorçularla mübarizədə necə hərəkət ediləcəyinə dair də işlər görülür.

- Biz Rusiyanın Cənubi Qafqazla, Qarabağla bağlı maraqlarını tarixən bilirik -  bu maraqlar Azərbaycanın əleyhinə olub. Amma sanki indi ABŞ və Fransanın Qarabağla bağlı maraqları bizim maraqlarımıza Rusiyanın maraqlarından daha çox ziddir...

- Bütün baş verən proseslər orta dəhliz ətrafında cərəyan edir. Orta dəhliz Çinin gücünü göstərmək istədiyi Şərq-Qərb əlaqələrini birləşdirəcək dəhlizdir. "Bir kəmər, bir yol" layihəsidir ki, bunun içərisindən fiberoptik xətt keçir. Bu xətt şimalda Britaniyaya, cənubda İtaliyaya, ortada isə İspaniyaya qədər uzanır. Bu baxımdan, orta dəhliz önəmlidir. Bu gün Çinlə Rusiya münasibətləri yaxşı görünə bilər. Amma sadəcə Rusiyanın içərisində bir milyon yarımdan çox çinli icazəsiz işləyir. Rusiya Çini özü üçün təhdid olaraq görür. Baxın, Türk Dövlətləri Təşkilatının son toplantısında Moskvadan heç bir əks bəyanat gəlmədi. Rusiyanın dərdi ABŞ-ın dərdi ilə eynidir - Çinlə arasında təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bilirsiniz, Çinin pulu çoxdur, hər yeri özünə borclandıraraq götürməkdədir. Rusiya Çin təhdidindən çəkinir. Nəzərə almaq lazımdır ki, Rusiya çoxmillətli dövlətdir və daxili radikallığa, separatizmə həssasdır. Rusiya Ukrayna ilə gərginlik fonunda Çinlə açıq qarşıdurmaya getmək istəmədiyindən, bir “aparatla”  - dolayı bir vasitə ilə təhdidi neytrallaşdırmaq istəyir. Bunun üçün də ən uğurlu variant Türk Dövlətləri Təşkilatıdır. Bu baxımdan, Rusiya vəziyyətin dəyişməsini istəmir. Qaldı ki, Qərbə - yəni ABŞ və Fransaya, onların Azərbaycanın maraqlarına zidd mövqe sərgiləməkdə davam edəcəyini gözləyirəm.

- Belə çıxır ki, Rusiyanın indiki maraqları Azərbaycan və Türkiyənin maraqları ilə üst-üstə düşür?

- Orta dəhliz məsələsində bəli. Digər məsələlərdə isə xeyr. Bu gün bir Zəngəzur dəhlizi gerçəyi var. Zəngəzur dəhlizi məsələsinin 2022-ci il içərisində həll ediləcəyini güman edirəm. Amma nəzərə almaq lazımdır ki, bu, Rusiya üçün iqtisadi məsələdir. İqtisadi fəaliyyəti, əlbəttə, Rusiya öz maraqlarına uyğun istəyir. Dəhliz açılacaq, burada bir problem yoxdur. Lakin Rusiya bunun qarşısında mütləq bizdən başqa şeylər istəyəcək. Rusiyanın Qarabağdakı fəaliyyətinə baxdıqda fərqi görmək mümkündür. Şuşa, Xankəndi istiqamətində Moskvanın istəkləri olacaq. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin açılması Stalin ideyasının dağılması deməkdir. Rusiya bunu çox asanlıqla sinirə bilməz.

- Nə istəyəcəyi maraqlıdır. Məsələn, “Zəngəzur dəhlizini veririk, qarşılığında Xankəndidən imtina edin” kimi?

- Rusiya açıq şəkildə belə deməz. Belə qaba hərəkət edəcəklərini sanmıram. Amma bunun üçün məcburetmə siyasətinə əl ata bilərlər. Qarabağ Suriyadan, İdlibdən, Kiprdən, Krımdan, Belarus və Ukraynadan ayrı düşünülə bilməz. Rusiya burada bir hərəkət etdiyində digər bölgə ilə bağlı siyasi cəhətdən nələrsə alacaq. Deməyim odur ki, bu bölgələr bir-biri ilə bağlıdır. Qulağımıza bəzi məlumatlar çatır. Rusiyanın muzdlu hərbçilərdən ibarət "Vaqner" deyilən hərbi, qeyri-rəsmi təşkilatı var. "Vaqner"in meydanda dişini göstərib, amma hərəkət etmədiyi haqqında məlumatlar mövcuddur. Rusiya bununla güc göstərib - çətini göstərib asanı istəmək kimi hərəkətlər edə bilər.

- İkinci Qarabağ müharibəsində dünya Azərbaycanın qələbəsi ilə yanaşı, Türkiyənin silah sənayesinin inkişafını da müşahidə etdi. Bu gün Türk İHA və SİHA-larının müştəriləri çoxalıb. Müştərilər siyahısında Rusiya ilə müharibə şəraitində olan Ukrayna da var. Türkiyənin Ukraynaya silah satışı Moskva-Ankara münasibətlərinə mənfi təsir göstərə bilərmi?

- Əvvəla onu deyim ki, Rusiya-Ukrayna müharibəsinin olması elə də asan deyil. İki ölkə arasında 1900-2200 kilometrlik bir cəbhə var. Bu cəbhədə bir dənə də olsun maneə yoxdur, daldalanacaq yoxdur - hər yer dümdüzdür. Bu cəbhədə rusların 100 min nəfərlik əsgərinin olması heç nədir. Bunu hər kəs bilir. Ukrayna hərbi manevrlər edilə biləcək yer deyil - bu, coğrafi baxımdan mümkün deyil. Müharibə üçün minumum 350-400 minlik orduya ehtiyac var. Belə şəraitdə hansı ağılsız müharibə edər? Məncə, heç kim.

- Amma Putin Ərdoğanla son söhbətində Ukraynaya PUA satışına etiraz etdi...

- Rusiyanın istədiyi Ukrayna ilə barışmasına Türkiyənin vasitəçilik etməsidir. Avropa buna razıdırmı, deyə bilmərəm. Türkiyə yenə də silahını satmağa davam edəcək. Rusiyanın özü PKK-ya illərlə bütün növ silah-sursat verib.

- Moskvanın təzyiqləri güclənərsə, Ankara Kiyevi silahlandırmaqdan geri çəkilə bilərmi?

- Qətiyyən!

- Son olaraq: Türkiyə lirəsinin dəyər itirməsi ölkə daxilində ciddi sosial sıxıntı yaradıb. Bu arzuolunmaz prosesin sosial partlayışla nəticələnməsi mümkündürmü?

- Bu gün Türkiyə hökuməti Çin modelini tətbiq etmək istəyir. Bu, faizi aşağı salıb, investisiyaları artırmaq, istehsalatı çoxaltmaqdır. Baş verənlər bunun əlamətidir. Bu gedişlə vəziyyət nəzarətdən çıxarmı, sosial partlayış baş verərmi? Məncə, yox.

Müəllif: Tural Talehoğlu