Acından qırılan mülkilər, huşunu itirən uşaq, yuvarlanan çörək... – Saxta şivən

Siyasət

05.08.2023 - 10:26

Avtomobildəki yüksək hərarətlə Bakının, guya yaratdığı “humanitar böhran” arasında hansı bağlılıq var?

Ermənilər “blokada və humanitar böhran” məsələsi ilə bağlı təbliğatın səviyyəsini yüksəltmək və yeni səviyyəyə qalxmaq qərarına gəliblər. “120 min artsaxlı”nın, o cümlədən 30 min uşağın aclıqdan yavaş-yavaş ölməsi ilə bağlı hay-küylərin istənilən nəticəni vermədiyini görən hay təbliğatçıları konkret misallara müraciət etmək qərarına gəliblər.

“Çiçəklənən Ermənistan” fraksiyasının keçmiş katibi Arman Abovyan öz “Facebook” səhifəsində kifayət qədər “ürəyə toxunan” yazı dərc edib. “Artsaxı mühasirəyə alıblar. Stepanakertdə artsaxlı uşaq evə çörək apararkən küçədə huşunu itirib. Vəziyyət həddindən artıq ağırdır. Onlar Artsax xalqını vəhşicəsinə qırmağa, onları türklərin ilkin şərtlərini qəbul etməyə, yəni könüllü olaraq milli intihara məcbur etməyə çalışırlar. “Siyasətə qarışmayanlar” üçün təkrar edirəm... Artsax əldən getsə, dalınca Sünik və Tavuş, Yerevan və Kafan, Gümrü və Vanadzor gələcək”, - deyə o yazıb.

Dərhal insanın gözünün qabağında dəhşətli bir mənzərə yaranır: kiçik oğlan uşağı yerdə uzanıb, harasa irəliyə çörək yuvarlanır, bədbəxtin ətrafına mərhəmətli adamlar toplaşıb...

Qadınlar acı-acı ağlayır, kişilər göz yaşlarını gizlicə silir, dişlərini sıxır, üz əzələləri əsəbdən gərilib. “Lənət olsun türklərə, lənətə gəlmiş blokada. Soyqırımı!”, - deyə hamı bir ağızdan qışqırır...

Axı bu yazılanlar, sadəcə Abovyanın bu gülünc yazını dərc etməklə yaratmağa çalışdığı təəssüratdır. Tutaq ki, “artsaxlı” oğlan huşunu itirərək yıxılıb. Və bundan nə çıxır? Bu fakt türklərlə və “blokada” ilə necə bağlıdır?

Onun aclıqdan huşunu itirməsi versiyası istisna edilir, çünki əlində çörək var idi. Əgər "artsaxlının" aclığı pik həddə zirvəyə çatsaydı, heç bir şey ona əlindəki çörəkdən bir tikə kəsib 8 aylıq blokada aclığını doyurmağa mane olmazdı.

Bəlkə, o, sadəcə olaraq, yayın istisində günvurmadan huşunu itirib?  Və yaxud o, disfunksional ailədəndir? Yəni, “Artsax” tut arağının köməyi ilə daim Dionisin aləmində qalan valideynləri onu evdə daim döyür? Təbii ki, belə versiyalar Abovyan tərəfindən nəzərə alınmadı və niyə də alınsın ki? Hər şeyi türklərin (azərbaycanlıların) üzərinə atmaq daha rahat və məqsədəuyğun deyilmi?

Üstəlik, bizim təklif etdiyimiz versiyalar dünya ictimaiyyətinə xüsusi təsir göstərməyəck. Amma burada, hətta əlində çörək olsa da, aclıqdan huşunu itirən uşaq var - tamam başqa məsələ və başqa təbliğat səviyyəsi.

Heç kimə sirr deyil ki, ermənilər “Stepenakertin” mühasirədə olan Leninqradla tsinik bənzətmələrini dünya ictimaiyyətinin şüuruna yeritməyə çalışırlar. Amma bunu o qədər səriştəsiz və yöndəmsiz edirlər ki, istehzalı təbəssümdən başqa, bu cəhdlər heç nəyə səbəb olmur. Xüsusən də, “mühasirəyə alınmış” Xankəndidə hər gün sosial şəbəkələrdə yayılan fotolarda göstərilən şənliklər və qonaqlıların fonunda.

Lakin Abovyanı humanitar böhran mifinin qülləsinə kərpic qoymağa cəhd edən xarici işlər naziri Ararat Mirzoyanla müqayisədə həqiqət və müdriklik ölçüsü hesab etmək olar. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakını Azərbaycanın Laçın dəhlizini bağladığına görə Dağlıq Qarabağda iki uşağın ölümündə ittiham edib.

“Laçın dəhlizinin yeddi aylıq blokadası və Dağlıq Qarabağın tam mühasirəyə alınması insanların həyatına dönməz və dağıdıcı təsir göstərir. Dağlıq Qarabağın sakinləri - 3 yaşlı Leo və 6 yaşlı Gita ağır humanitar vəziyyət nəticəsində həlak olublar. 21-ci əsrdə. Buna yol vermək olmaz!”, - deyə Mirzoyan “Twitter” səhifəsində yazıb.

Uşaqların ölümünün əsl səbəbi isə tamam fərqlidir. İyulun 7-də Ağdərə rayonunun Ağabəkələnc kənd sakini V.N. polisə ərizə ilə müraciət edərək, üç və altı yaşlı uşaqlarını evdə nəzarətsiz qoyaraq Ağdərə şəhərinə iş dalınca getdiyini bildirib. Evə qayıdanda uşaqların evdə olmadığını görüb.

İyulun 8-də Ağdərə sakini A.G. BMW avtomobilində iki ölü uşaq tapdığını bildirib. İstintaq çərçivəsində bütün kameralar yoxlanılıb və həmin kameralarda azyaşlı uşaqların özbaşına Ağdərə şəhərinə gələrək, daha sonra sözügedən avtomobilin arxa qapısını açaraq oturacaqda yuxuya getməsi qeydə alınıb. İlkin məlumata görə, ölümə səbəb avtomobildə yüksək hərarət olub.

İndi isə bilicilərə sual: avtomobildəki yüksək hərarətlə Bakının, guya yaratdığı “humanitar böhran” arasında hansı bağlılıq var? Xahiş edirəm, cavab üçün erməniləri narahat etməyin: onlar “düzgün” cavabı mütləq tapacaqlar. Ararat Mirzoyanın tapdığı kimi...

Müəllif: Fed Bakinski