“İran hərbi obyektlər də daxil olmaqla bütün nüvə obyektlərində beynəlxalq yoxlamalara icazə verməlidir”
“İran hərbi obyektlər də daxil olmaqla bütün nüvə obyektlərində beynəlxalq yoxlamalara icazə verməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Marko Rubio “Fox News” telekanalına müsahibəsində nüvə proqramı üzrə yeni sazişin mümkün şərtlərini şərh edərkən deyib.
"Əgər İran həqiqətən silah deyil, dinc nüvə enerjisi istəyirsə, amerikalı müfəttişlərin iştirakı da daxil olmaqla yoxlamalardan qorxmamalıdır. Dinc məqsədli nüvə proqramı olan ölkələr uranı zənginləşdirməz və obyektləri gizlətməz", deyə Rubio vurğulayıb.
Dövlət katibi 2015-ci ildə hərbi obyektlərə girişin məhdudlaşdırılmasına imkan verən sazişi "səhv" adlandırıb.
Rubio qeyd edib ki, Vaşinqton Tehrana “sülhə gedən yol” təklif etməyə hazırdır: “Terrorizmi dəstəkləməkdən, uzaqmənzilli raketlər hazırlamaqdan və uranı zənginləşdirməkdən imtina müqabilində iqtisadi inkişaf vəd edilir. Prezident Donald Tramp müharibə istəmir, lakin biz İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”.
Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün üç raund danışıqlar aparıb. Danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncüsü isə aprelin 26-da yenidən Maskatda baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir.
Cümə axşamı Omanın xarici işlər naziri Bədr əl-Busaidi deyib ki, mayın 3-nə planlaşdırılan ABŞ-İran danışıqlarının növbəti raundu “logistik səbəblərə görə” təxirə salınıb. Onun bəyanatı “Axios”un görüşün təxirə salına biləcəyini irəli sürən hesabatından sonra dərc olunub. Daha sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrot AFP-yə müsahibəsində deyib ki, İranın ABŞ ilə danışıqlar ərəfəsində keçirilməsi planlaşdırılan “Avropa 3” ölkələri Böyük Britaniya, Almaniya və Fransa ilə məsləhətləşmələri də baş tutmayacaq.