COVID-19 xəstəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk edib
Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk edib.
Polislər tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.