“Yüzminlərlə vətəndaşın haqqını bərpa edin” - Ziyalılardan çağırış

Cəmiyyət

12.08.2021 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Çekləri əlində qalan vətəndaşlar müvafiq qurumlara və deputatlara müraciət etsinlər”

AİB sədri: “Sadəlövhcəsinə inanırdıq ki, bu, bizim parlaq gələcəyimizi təmin edəcək”

Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsində iştirak məqsədilə vətəndaşlara əvəzsiz özəlləşdirmə çekləri paylandı. Bununla bağlı fərmanda qeyd olunurdu ki, özəlləşməyə çıxarılacaq müəssisələrin çox payı vətəndaşlara ayrılacaq.

Lakin proses uğursuz həyata keçirildi və əksər vətəndaşların çekləri əllərində qaldı. Çeklərini satanlar isə onu “qara bazar”da çox aşağı qiymətə mübadilə etdilər. 2011-ci ildən etibarən də çeklərin tədavül müddəti başa çatdı.

Azərbaycan İnvestisiya Holdiqinin yaradılması və aşağı rentabelli dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılacağı ilə bağlı öhdəlik götürməsi vauçerlərin tədavül müddətinin artırılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs, görəsən vauçerlərin tədavül müddəti yenidən və hansı formada artırıla bilər?

AYNA mövzunu tanınmış ictimaiyyət nümayəndələri ilə müzakirə edib.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın Mirzəzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Mirzəzadə hesab edir ki, çeklərin tədavül müddətinin artırılması vacibdir: “Sözsüz ki, əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması, onların özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrinin əsas payçılardan biri olması çox mühüm qərar idi. Ümummilli liderimiz Heydər Əliyevin digər fərmanları kimi, bu fərmanı da vətəndaşların mənafeyinin qorunmasına xidmət edirdi”.

“Açığını desəm, iqtisadçı olmadığıma görə bu barədə dəqiq mülahizə yürüdə bilmərəm. Lakin nəzərə alanda ki, tədavül müddəti başa çatıb və vauçerləri əlində qalan çoxlu sayda vətəndaşımız var, bu mənada onların hüquqlarının qorunması labüddür. İmkan yaratmaq lazımdır ki, onlar çeklərini mübadilə etsinlər. Təklif edərdim ki, çekləri əllərində qalan vətəndaşlar müvafiq dairələrə, İqtisadiyyat Nazirliyinə, Milli Məclisin deputatlarına müraciət etsinlər. Belə olarsa, bu məsələ yenidən gündəmə gələ və aktuallıq qazana bilər”, - deyə deputat bildirib.

Mirzəzadə şəxsinə və ailə üzvlərinə məxsus özəlləşdirmə çeklərini müəssisələrdən birinə sərmayə yatırdığını deyib: “Sonradan bu müəssisənin taleyi ilə maraqlanmadım. Bu gün də məlumatsızam”.

Milli Məclisin sabiq üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev özəlləşdirmə çekləri ilə bağlı prosesin ciddi qanun pozuntuları ilə müşahidə olunduğunu söyləyib: “Halbuki, ötən əsrin 90-cı illərində imzalanan fərmana görə, özəlləşdirmə prosesinin əsas iştirakçıları vətəndaşlar olmalı idi. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi və əhalinin bu prosesdə iştirakı ciddi hadisə idi. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Faktiki olaraq vətəndaşlar bu prosesdən kənarda qaldılar. Müvafiq qurumlar bu prosesi olduqca səmərəsiz şəkildə həyata keçirdi. “Qara bazar”da xüsusi qruplar formalaşdı və onlar həmin vauçerləri dəyər-dəyməzinə bir ələ yığdılar”.

“Digər yandan əhalinin maariflənmə səviyyəsi çox aşağı idi. Əksəriyyət bunun nə məqsədlə paylandığı barədə səhih məlumatlara malik deyildi. Nəticədə həmin çeklərin əksəriyyəti ya vətəndaşların əllərində qaldı, ya da “qara bazar” iştirakçılarının əlinə keçdi. 2011-ci ildən tədavül müddəti dayandırılıb. Təbii ki, yüzminlərlə vətəndaşın hüquqlarının pozulması yolverilməzdir. Mütləqdir ki, bu məsələ hansısa formada həllini tapsın. Bunun necə həyata keçiriləcəyi məsələsi isə müvafiq qurumlardan asılıdır. Fakt odur ki, çekləri əllərində vətəndaşların hüquqları bərpa edilməlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.

Nuriyev özünün və ailə üzvlərinin vauçerlərini hələ də saxladığını diqqətə çatdırıb.

Riyaziyyatçı alim, akademik Fikrət Əliyev də çeklərin tədavül müddətinin artırılmasının vacibliyi qənaətindədir: “Təbii ki, burada söhbət yüzminlərlə insanın taleyindən gedir. Bəlkə də onların sayı milyondan çoxdur. Düzdür, iddia edilə bilər ki, tədavül müddəti bir neçə dəfə artırılıb. Bu mənada vətəndaşların imkanı olub ki, həmin çekləri mübadilə etsinlər. Lakin bir məqam var ki, faktiki olaraq vətəndaşlar bu prosesdə fəal iştirak etməyiblər. Maariflənmə səviyyəsi çox aşağı olub. Təbliğat işi yüksək səviyyədə təşkil olunmayıb. Bunlar obyektiv amillərdir. Çünki o dövrdə biz keçid mərhələsindəydik. İndiki mərhələdə heç olmasa çekləri əllərində qalan vətəndaşların mənafeyi naminə tədavül müddəti yenidən artırılmasına ehtiyac var”.

“Ulu Öndər Heydər Əliyevin 90-cı illərdə imzaladığı fərman vətəndaşların qarşısında böyük imkanlar açırdı. Bilirsiniz ki, Ümumilli Lider həmin dövrdə ölkəmizin güclənməsi, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində mühüm fərmanlar imzalayıb. Onlardan biri də Sovetdən qalmış dövlət müəssisələrinin özəlləşməsində vətəndaşların fəal iştirakını təmin etməklə bağlı idi. Nəzərdə tutulurdu ki, özəlləşməyə çıxarılacaq müəssisələrin əsas payçıları məhz vətəndaşlar olacaq. Hesab edirəm ki, bu tarixi qərarın iştirakçıları olan və bu gün də vauçerləri əlində qalan soydaşlarımızın hüquqları qorunmalı, tədavül müddətinin artırılması ilə bağlı yeni proqram sənədi qəbul edilməlidir”, - deyə Əliyev bildirib.

Akademik qeyd edib ki, öz özəlləşdirmə payını bu gün də saxlayır.

Картинки по запросу

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun əmindir ki, özəlləşdirmə çekləri ilə bağlı proses vətəndaşların maraqlarını ifadə etməyib: “O zaman elan olunanda ki, əhaliyə əvəzsiz vauçerlər veriləcək, bu, böyük maraqla qarşılandı. Elə adamlar vardı ki, çeklərlə bağlı çeşidli planlar qururdu. Sadəlövhcəsinə inanırdıq ki, bu, bizim parlaq gələcəyimizi təmin edəcək. Hətta çekləri satmamaq, gələcəkdə hansısa müəssisədə payçı olmaq istəyimiz də vardı. Lakin sonradan məlum oldu ki, bunun vətəndaşa heç bir aidiyyəti yoxdur. Bizim kimi müəllimlər, həkimlər, fəhlələr - sadə camaat heç bir fayda görmədi. Çeklərdən müəyyən təbəqə qazancla çıxdı. Hətta bu çeklərin hesabına zəngin həyat quranlar da oldu”.

AİB sədri özünə məxsus çekləri cırdığını deyib: “Görəndə ki, bu, sadəcə “tələdir” və heç bir faydası yoxdur, çeklərimi cırıb atdım. Buna görə peşman da deyiləm. Guya saxlasam, nə olacaqdı ki? O ki qaldı tədavül müddətinin artırılmasına, bunun faydası olacaqmı – bilmirəm”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 90-cı illərdə vətəndaşlara çeklər paylanmasını tarixi kimi dəyərləndirib: “Ulu Öndər Heydər Əliyev bununla bağlı fərman imzaladı və Azərbaycan xalqı bunu böyük maraqla qarşıladı. Nəzərdə tutulurdu ki, özəlləşməyə çıxarılacaq müəssisələrin əsas payçıları vətəndaşlar, həm vauçerləri olanlar, həm də həmin zavod-fabriklərdə çalışanlar olmalı idi. Düzdür, bu proses sonradan faktiki olaraq dayandı. Bəziləri əlində olan çekləri satdılar, bəziləri saxladılar. Hazırda yüzminlərlə insan hələ də çeklərini özündə saxlayır”.

Quliyev hesab edir ki, çeklərin yenidən dövriyyəyə qaytarılması vacibdir: “Açığını desəm, mən o zaman özümə və ailə üzvlərimizə məxsus çekləri satdım. O zaman hər kəs satırdı və biz də bu dalğaya qoşulduq. Lakin biz satsaq da, xeyli sayda soydaşımızın çekləri hələ də qalır. Yaxşı olardı ki, müvafiq qurumlar bununla bağlı proqram hazırlasın və tədavül müddəti yenidən artırılsın”.

Müəllif: Aydın Gəray