"YPG/PKK terror təşkilatı hələ də geri çəkilməyib"

Dünya

08.11.2019 - 15:19

"Biz "Sülh Çeşməsi" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik"

 

"Sülh Çeşməsi" əməliyyatı ilə bağlı qara təbliğat davam edir, "Türkiyə Suriya torpaqlarını işğal edir” iddiaları ortaya atılır. 

 

AYNA xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar bu iddiaları nəzərə alaraq əməliyyatın keçirilmə səbəbinə bir daha aydınlıq gətirib. 

 

Hulusi Akar "CNN International" kanalına açıqlamasında Türkiyənin Suriya və digər qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib: “Biz "Sülh Çeşməsi" əməliyyatını həyata keçirərkən hər hansı bir işğal, müdaxilə və ya başqa bir şey etmirik. Burada ancaq terror təşkilatlarına qarşı əməliyyat keçiririk”.

 

YPG/PKK terror təşkilatının çəkilməli olduğu ərazilərdən hələ də çəkilmədiyini xatırladan H.Akar qeyd edib ki, “Həm Rusiya, həm də ABŞ YPG/ PKK-nın bu ərazilərdən çıxarılacağını vəd edib. Yəni onlar həm əməliyyatın keçirildiyi bölgədən, həm də həmin bölgənin şərqindən və qərbindən çıxarılmalı idi. Ancaq hələ də YPG terrorçuları tərəfindən yol verilən çox sayda pozuntu halları var və biz onlara qarşı mübarizə aparırıq. Eyni zamanda Rusiya və ABŞ ilə əməkdaşlıq edərək YPG/PKK-nı həmin ərazilərdən çıxarmalarını tələb edirik”.

Müəllif: Ayna.az