İdarə sürücülərdən özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir
“Son vaxtlar səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə tez-tez rast gəlinir ki, bu da yollarda arzuolunmaz hadisələrin, ağır faciələrin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır”.
AYNA.AZ xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciətində əksini tapıb.
"Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan verilən tövsiyələrə əməl etməyi, səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir", müraciətdə qeyd olunub.
Bildirilib ki, ötən gün Bakı-Sumqayıt şosesində halı pisləşən sürücüyə yol polisi tərəfindən ilkin tibbi yardım göstərilib və bu hadisə bir müddət yolda sıxlığa səbəb olub.