Yol polisi Gədəbəydə reyd keçirib

Xəbərlər

22.04.2021 - 11:22

Qaydaları pozan sürücülər məsuliyyətə cəlb ediliblər

 

Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya vderilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Bundan başqa, polis əməkdaşları “Təmiz hava” aylığı ilə əlaqədar da reyd keçirib.

 

Reyd zamanı rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıblar. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

 

Piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qeyd edilən bu və digər qayda pozuntularını aşkar etdikdə inzibati qaydada tədbirlər görürlər. Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində qayda pozan piyadalara və sürücülərə gün ərzində ümumilikdə 15-dən çox inzibati protokol tərtib edilib.

 

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə nasazlığı aradan qaldırmalı, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Keçirilən tədbirlərlə qayda pozan 100-dən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Ayna.az