Yeni ildən gözləntilər: Bazarlığınızı bəribaşdan edin

Cəmiyyət

26.12.2020 - 19:18

Nəriman Ağayev: “Vətəndaşların çoxu daha ucuz məhsullara üstünlük verməli olacaq”

 

Eyyub Hüseynov: “Beş nəfərlik bir ailə bayram süfrəsi üçün 180-200 manat xərcləyəcək”

 

Yeni il əsas bayramlardan biridir və hər şeyə rəğmən insanlar onu yaxşıca qeyd etmək istəyirlər. Postsovet ölkələrində bu bayramın ən vacib komponenti zəngin bir süfrədir. Ancaq pandemiya və onun doğurduğu iqtisadi böhran bayram menyusunda əhəmiyyətli korrektələr edə bilər.

 

AYNA-nın həmsöhbəti, Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin fikrincə, bu il Yeni il üçün vətəndaşların müəyyən faizi daha az pul xərcləyəcək: “Ancaq söhbət yalnız bu bayramı evdə deyil, restoran, kafe və ya klublarda qeyd edən insanlardan gedir. Yeni ili geniş menyu və əyləncə proqramı ilə etibarlı bir restoranda qarşılamaq adambaşına, təxminən 200 manata başa gəlirdi. Əyləncə məkanları və restoranlar bu yeni ildə bağlı qalacaq. Hər kəs bu gecəni ya evdə, ya da bağda qeyd edəcək və ən zəngin süfrə belə, əvvəlki illərlə müqayisədə çox ucuz olacaq”.

Azərbaycanlılar varlanmamışlar, lakin Yeni ili evdə qeyd etmək  iqtidarındadırlar | Dalma News

Ancaq Ağayev hesab edir ki, keçən il Yeni ili evdə qeyd edənlər ərzaq qiymətlərinin keçən ilə nisbətən 15-20% artdığını hiss edəcəklər: “Yeyinti məhsullarının istehsalçıları və satıcıları itirdikləri qazancın əvəzini çıxmaq istəyirlər və bəzi məhsulların qiymətlərində son zamanlarda artəm müşahidə olunur. Diqqətsiz istehlakçı qiymətlərin dəyişmədiyini düşünə bilər, amma bu, belə deyil. Keçən il qoyun ətinin kiloqramı orta hesabla 11 manata başa gəlmişdisə, bu il artıq 13-14 manatdır. Kolbasa, süd məhsulları və günəbaxan yağı bahalaşıb. Quş ətinin qiyməti də yüzdə 10% artıb”.

 

“Düzdür, pomidorun qiyməti kəskin şəkildə aşağı düşdü, əvvəllər kiloqramı 2,7 manata satılanları indi 1,1 manata almaq olar. Bu, Azərbaycan pomidorlarının Rusiyaya ixracının müvəqqəti qadağan edilməsinin nəticəsidir. Yeni ildən əvvəl bir çox ərzaq mağazaları endirim kampaniyaları aparır, məsələn, “Paytaxt” salatı üçün lazım olan inqrediyentləri endirimlə satırlar - yaşıl noxud və ya mayonez qutusu. Alkoqola gəldikdə, onun qiymətinin çox əhəmiyyətli olmasa da, 5-7% bahalaşdığını müşahidə etmək olar. Bu Yeni il üçün alkoqollu içkilər müxtəlif səbəblərdən daha az alınacaq”, - ekspert bildirib.

 

Ağayev Yeni il masası üçün alış-verişləri son günlərə qədər təxirə salmamağı, əvvəlcədən etməyi tövsiyə edir: “Əlbəttə, tez xarab olan məhsullardan danışmırıqsa. Birincisi, bu yanaşma bayram xərclərini daha yaxşı planlaşdırmağı mümkün edəcək, ikincisi, bayrama 1-2 gün qalmış mağazalarda insan sıxlığı olacaq və koronavirus pandemiyası kontekstində insanların sıxlığından qaçmaq daha yaxşıdır. Ancaq eyni zamanda, cari ilin son günlərində daha çox satış olacaq, çünki yeni ilin ilk həftəsində insanlar çətin ki, alış-verişə getsinlər. Həm də mağazalar bayram zamanı piştaxtalarda qalmaq riski olan malları ən qısa müddətdə satmağa üstünlük verəcək”.

 

Onun sözlərinə görə, indi hər cibə uyğun ərzaq var: “Ancaq bu il gəlirlərin azalması səbəbindən vətəndaşların çoxu Yeni il üçün ucuz məhsullara üstünlük verməli olacaqlar. Bayram süfrəsində alınan məhsulların sayı da azalacaq”.

 

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov isə hesab edir ki, bu il Yeni il süfrəsi xərcləri keçən ilə nisbətən müqayisədə, təxminən eyni olacaq. Onun AYNA-ya şərhinə görə, beş nəfərlik bir ailə bayram süfrəsi üçün 180-200 manat xərcləyəcək.

Eyyub Hüseynov: “Dönərxanalarla bağlı problemlər qalmaqdadır”

“Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə, ərzaq məhsullarının əksəriyyəti bahalaşmadı. İnsanların əksəriyyəti ya işi ilə tam vidalaşdı, ya da ödənişsiz məzuniyyətə göndərildi. Bölgələrdə ətin qiyməti paytaxtla müqayisədə 1,5-2 manat azalıb. Orada yaşayış imkanları zəif olan insanlar bəzən son mal-qaralarını satırlar. Ukrayna və Yeni Zelandiyadan gətirilən kərə yağı da bir qədər ucuzlaşdı. Pandemiya davam edərsə, ərzaq qiymətlərində daha da azalma gözləmək olar”, - AİB sədri vurğulayıb.

 

Hüseynov vətəndaşları Yeni il ərəfəsində ərzaq alarkən diqqətli olmağa çağırır: “Çünki bu dövrdə saxta və müddəti bitmiş məhsul satan fırıldaqçılar xüsusilə fəaldırlar. Belə ki, uşaqlar üçün bəzəkli yeni il hədiyyələri qutularında çox zaman vaxtı keçən peçenye, şokolad və digər şirniyyat olur. Keyfiyyətsiz qida ilə qarşılaşanda vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli “qaynar xətt”inə müraciət etməlidirlər”.

Müəllif: Elya Belskaya